Məhkəmə qərarları › İş №e-2(022)-1139/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1139/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1139/2025 26.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 550 AZN ödənilməmiş icarə haqqı borcu, 1260 AZN ödənilməmiş inzibati cərimə, 1225 AZN avtomobilə dəymiş zərər olmaqla, ümumilikdə 3035 (üç min otuz beş) AZN borcun və 51 (əlli bir) AZN ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İcarədar”) ilə Cavabdeh (bundan sonra “İcarəçi”) arasında 51 saylı notariat ofisində 3M-3209 sayla qeydə alınmış, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarədar Toyota Prius markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra “Avtomobil”) icarəçiyə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşlər. Həmin müqavilənin 4-cü bəndlərinə əsasən, icarə haqqının ödənilməsi müddəti 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən edilir. Gündəlik müəyyənləşdirilmiş icarə haqqını 25 AZN təşkil edir. Müqavilənin 2.1.6 və 2.1.7-ci bəndlərinə əsasən avtomobil icarəçiyə saz vəziyyətdə verilir və icarəçi müqavilə qüvvədə olduğu müddət ərzində avtomobilin saz vəziyyətdə saxlanılması üçün lazımı bütün tədbirləri həyata keçirtməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.15-ci bəndinə əsasən icarəçinin dövlət orqanları tərəfindən tərtib olunmuş protokol və cərimələri ödəmək öhdəliyi mövcuddur. Cərimələr icarəçi tərəfindən ödənilmədiyi halda icarəyə verən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən ödənilərsə icarəyə verən ödədiyi bütün cərimələri icarəçidən qeyd-şərtsiz tələb edə bilər. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi, icarədar icarə müqaviləsi əsasında avtomobili saz şəkildə icarəçinin istifadəsinə vermişdir. Lakin icarəçi avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını İcarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İcarəçinin 550 AZN ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Avtomobil icarəçinin istifadəsində olduğu müddətdə müxtəlif qanun pozuntuları törətmiş və 1260 AZN ödənilməmiş cərimələri olmuşdur. Həmin cərimələr qanunun tələbləri səbəbindən tərəflərindən ödənilməli olmuş və hal-hazırda həmin cərimələrə görə ödənilmiş məbləğin cavabdeh tərəfindən geri ödənilməsi zərurəti vardır. “X2” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından aydın şəkildə görünür ki, avtomobil İddiaçı MMC-yə geri qaytarıldığı an avtomobilə 1225 AZN dəyərində zərər dəymişdir. Mübahisənin həlli ilə bağlı cavabdehə qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, TOYOTA PRİUS (HİBRİD) minik markalı 20AF234 dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil 41 ay müddətinə, hər gün 25 manat ödəmək şərti ilə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsinə verilmiş saz vəziyyətdə olan və REVİVALS MMC-nin mülkiyyətində olan TOYOTA PRİUS (HİBRİD) minik markalı 20AF234 dövlət qeydiyyat nişanlı avtomobilin REVİVALS MMC ilə Cavabdeh arasında təhvil-təslimi aparılmışdır. İş materiallarında olan GOLD X1 qüsur aktından görünür ki, TOYOTA PRİUS (HİBRİD) minik markalı 20AF234 dövlət qeydiyyat nişanlı minik avtomobilə ümumilikdə 1225 manat ziyan dəymişdir. İş materiallarında olan cərimə protokollarından və ödəniş qəbzlərindən görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə cərimələr edilmiş və ümumilikdə 1260 manat cərimələrə görə ödənişlər edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı MMC-yə 550 manat ödənilməmiş icarə haqqı borcu, 1260 manat ödənilməmiş inzibati cərimələr, 1225 manat avtomobilə dəymiş zərər olmaqla, ümumilikdə 3035 (üç min otuz beş) manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-cimaddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə icarəyə verən icarəçiyə icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsin əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Revivals MMC-nin xeyrinə 550 manat ödənilməmiş icarə haqqı borcu, 1260 manat ödənilməmiş inzibati cərimələr, 1225 manat avtomobilə dəymiş zərər olmaqla, ümumilikdə 3035 (üç min otuz beş) manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 550 (beş yüz əlli) manat ödənilməmiş icarə haqqı borcu, 1260 (min iki yüz altmış) manat ödənilməmiş inzibati cərimələr, 1225 (min iki yüz iyirmi beş) manat avtomobilə dəymiş zərər olmaqla, ümumilikdə 3035 (üç min otuz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 51 (əlli bir) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar