Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1176/2024 19.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi ödənilməmiş üzrə əsas borc qismində 4.489 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 manat 93 qəpik, cərimə qismində 66 qəpik, cəmi 5.141 manat 68 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 42 qəpik məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi ödənilməmiş üzrə əsas borc qismində 4.489 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 manat 93 qəpik, cərimə qismində 66 qəpik, cəmi 5.141 manat 68 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 42 qəpik məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh2 ilə hazırda ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 03 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən 36 ay müddətinə, illik 23% kreditdən istifadə etməyə faiz ödəmək şərti ilə 7.600 ABŞ dolları məbləğində kredit verilmişdir. 03 iyun 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsi ilə X3 03 iyun 2014-cü il tarixli, 70008267 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişdir. Lakin Cavabdeh2 həmin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə həmin şəxsin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə cəmi 7.478 ABŞ dolları 44 sent məbləğində borcu yaranmışdır. Buna görə də ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 qarşı Biləsuvar rayon Məhkəməsində cəmi 7.478 ABŞ dolları 44 sent məbləğində borcun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia qaldırmışdır. Həmin məhkəmənin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı qətnaməsi ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası tam şəkildə təmin edilmiş və cəmi 7.478 ABŞ dolları 44 sent məbləğində kredit borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsindən Cavabdeh2 yuxarı instansiya məhkəmələrinə apellyasiya və kassasiya şikayəti versə də, cavabdehin şikayəti təmin edlməmiş və Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra isə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı rəhbər tutulmaqla, cavabdehin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında 20 dekabr 2019-cu il tarixdə LM121901004 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin 5.018 manat 35 qəpik məbləğində olan qalıq kredit borcu restrukturizasiya edilmişdir. LM121901004 nömrəli restrukturizasiya müqaviləsi 60 ay müddətinə, illik 1% faiz dərəcələri ödəməkşərti ilə bağlanmışdır. Həmin müqavilənin əlavə olan ödəniş cədvəlinə görə isə restrukturizasiya müqaviləsi üzrə sonuncu ödəniş tarixi 20 dekabr 2024-cü il tarixdir. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsi ilə Cavabdeh1 20 dekabr 2019-cu il tarixdə LM121901004 nömrəli restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişdir. Lakin borclu həmin müqavilə üzrə iddiaçı üzərinə düşən bütün öhdəliklərin icrasını təmin etsə də, Cavabdeh2 öhdəliklərini icra etməmişdir. Buna görə də həmin şəxsin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətiə əsas borc qismində 4.489 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 manat 93 qəpik, cərimə qismində 66 qəpik, cəmi 5.141 manat 68 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehlərə restrukturizasiya müqaviləsi üzrə yaranmış borcun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə yuxarıda göstərilən borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş edilmişdir. Bundan başqa, o bildirdi ki, Cavabdeh2 Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci tarixli icraata xitam verilməsi haqqında qərarı təqdim edərək, iddiaçıya olan bütün borcunu qaytardığını və hazırda onun heç bir borcu olmadığını bildirsə də, həmin qərar Cavabdeh2 tərəfindən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təsdiq edən əsas hesab oluna bilməz. Belə ki, 2022-ci ildə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6.2 və 8.10-cu bəndlərinə əsasən, yəni fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli olduqları üçün, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 01 fevral 2022-ci ildə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə müvafiq ərizə göndərilmişdir. Həmin ərizədə borclunun borcunu tam ödənməsi əsasında icraata xitam verilməsi barədə xahiş əks olunmamış, yalnız məhkəmə qətanməsi çıxdıqdan sonra, yəni cavabdehin kredit borcu 20 dekabr 2019-cu il tarixdə restrukturizasiya edildiyi üçün icraata xitam verilməsi icra məmurundan xahiş edilmişdir. Lakin Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci tarixli icraata xitam verilməsi haqqında qərarda isə yanlışlıqla borcun tam ödənilməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. Buna görə də Cavabdeh2 iddiaçıya olan borcunu qaytarmadığına görə iddia tələbində qeyd edilən borc tam cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin o hesab edir ki, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci tarixli icraata xitam verilməsi haqqında qərarda texniki səhvə yol verilmiş olsa da, həmin qərarın iddiaçı tərəfindən mübahisələndirilməsinə zərurət yoxdur, çünki, həmin qərarda texniki yanlışlığa yol verilmişdir və icra məmuru özü yanlışığın aradan qaldırılması barədə qərardad qəbul etməklə, həmin qərardada müvafiq düzəliş edə bilər. Sonda, Nümayəndə iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 18 dekabr 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinin elektron poçt ünvanına daxil olmuş ərizəsi ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunu tam şəkildə ödədiyini, iş üzrə icraata xitam verildiyini, həmçinin hava şəraiti ilə əlaqədar iş yerini tərk edə bilmədiyini və buna görə də məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini və şahidi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid göstərdi ki, hal-hazıradək Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatında Cavabdeh2 borclu kimi çıxış etdiyi 3 icra sənədi olmuşdur. Həmin şəxsin əməkhaqqına borcun ödənilməsi məqsədi ilə məcburi tutmalar yönəldilmişdir. Həmin icra sənədlərindən biri də Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədidir. Həmin icra sənədinə əsasən Cavabdeh2 və F.M.Mehtiyevdən ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə cəmi 7.478 ABŞ dolları 44 sent məbləğində pul vəsaiti müştərək qaydada tutulmalı idi. Həmin icra sənədi icraata daxil olduqdan sonra icra məmuru tərəfindən icraata başlanılmış və borcluya borcun könüllü icrası barədə bildiriş göndərilmiş və icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılaraq, Cavabdeh2 əmək haqqında tutulmalar aparılması üçün icra sənədi həmin şəxsin iş yerinə göndərilmiş, müəyyən ödəmələr aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul olunduqdan sonra həmin Fərmanın göstərişlərinə uyğun olaraq, digər icra sənədlərində olduğu üçün Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə tutmanın borclunun əmək haqqına yönəldilməsi barədə icra məmurunun göstərişinin icrasının dayandırılması barədə Cavabdeh2 iş yerinə müvafiq sorğu göndərilmiş və əmək haqqında tutulmaların aparılması dayandırılmışdır. 2022-ci ilin əvvəllərində ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh2 tələbkar bank qarşısında olan öhdəliyinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunduğu üçün Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Buna görə də onun tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin həmin qərarda o, yanlışlıqla borclu tərəfindən icra sənədi üzrə müəyyən edilmiş borcun Cavabdeh2 tərəfindən tam şəkildə ödənildiyini və buna görə Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədinə xitam verildiyini qeyd etmişdir. Həmin vaxt o, faktiki olaraq ifadə yanlışlığına yol vermiş və icra sənədi üzrə icraata, borcun restrukturizasıyası ilə əlaqədar deyil, tələbin tam icra edilməsi ilə əlaqədar xitam verildiyini göstərmişdir. Çünki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda borcun restrukturizasıyası ilə əlaqədar icra sənədinin icraatına xitam verilməsi əsası ayrıca qeyd edilməmişdir. Buna görə də o, icraata xitam verilməsi barədə qərarda bankın nümayəndəsinin xahişini olduğu kimi qeyd etməmişdir. Buna görə də Cavabdeh2 bir neçə ay bundan əvvəl onun yanına gələrək, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarla maraqlandığı vaxt həmin şəxsə də iddiaçı banka olan borcunun həmin şəxsin əmək haqqından tutulmalar hesabına tam şəkildə ödədiyini bildirmişdir. O, həmin icraata xitam verilməsi barədə qərarın iddiaçı və ya cavabdeh tərəfindən mübahisələndirilməsinə etiraz etmir və əgər qanunla buna səlahiyyəti çatırsa, həmin qərarda yol verilmiş yanlışlığı özü aradan qaldıracaqdır. Cavabdeh2 iddiaçı banka olan digər borcu üzrə verilmiş başqa bir icra sənədi üzrə həqiqətən tutma tam şəkildə həmin şəxsin əmək haqqına yönəlildilməklə icra edilmişdir. Lakin həmin icra sənədlərinin icrasından uzun zaman keçdiyinə görə o, Cavabdeh2 barəsində olan məhz hansı sənəd üzrə ödənişlərin tam həmin şəxsin əmək haqqından tutulmalar hesabına aparıldığını dəqiq xatırlamadığına görə şifahi söhbət zamanı səhvən Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədinin məhz həmin şəxsin əmək haqqından tutulmalar hesabına tam icra edildiyini həmin şəxsə söyləmişdir. Əslində isə 2019-cu ilin fevral ayından sonra həmin şəxsin əmək haqqından tutulmaların aparılması Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun dayandırıldığına görə Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi icra şöbəsi tərəfindən tam icra etdirilməmiş və 2022-ci ildə isə məhz borcun restrukturizasiya olunması barədə tələbkar bankın ərizəsi əsasında icra sənədinin icraatına xitam verilmişdir. Bundan başqa, iş materiallarında olan 03 iyun 2014-cü il tarixli, 70008267 nömrəli kredit müqaviləsinin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 istehlak məqsədilə, kreditdən istifadəyə görə illik 23% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 7.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işdə olan 03 iyun 2014-cü il tarixli, 70008267/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X3 03 iyun 2014-cü il tarixli, 70008267 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)- 1805/2016 saylı qətnaməsinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 və X1 Azərbaycan Respublikası Manat məzənnəsi ilə 5.993 ABŞ dolları 57 sent əsas, 1.091 ABŞ dolları 01 sent faiz, 393 ABŞ dolları 86 sent cərimə, cəmi 7.478 ABŞ dolları 44 sent və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Şivan Apellyasiya Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(106)-2349/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2(102)-2504/2017 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Şivan Apellyasiya Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(106)-2349/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 17 iyul 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)- 1805/2016 saylı icra sənədi üzrə 17 iyul 2017-ci il tarixdə icraata başlanılmış və tələbin könüllü icrası məqsədi ilə borclu Cavabdeh2 bildiriş göndərilmişdir. İş materiallarında olan 20 dekabr 2019-cu il tarixli, LM121901004 saylı restrukturizasiya müqaviləsinin surətindən və ona əlavə edilmiş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh2 5.018 manat 35 qəpik məbləğində olan qalıq kredit borcu restrukturizasiya edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2 restrukturizasiya edilmiş kredit borcunu 60 ay müddətinə, illik 1% faiz dərəcəsi ödəmək şərti ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödəməlidir. İşdə olan 20 dekabr 2019-cu il tarixli, LM121901004 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 20 dekabr 2019-cu il tarixli, LM121901004 saylı restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işdə olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru X4 rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 01 fevral 2022-ci il tarixli məktubun surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra vərəqəsi üzrə borclu Cavabdeh2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti qarşısında olan öhdəliyi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid icraata xitam verilməsi haqqında 14 fevral 2022-ci tarixli qərarının surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə icraata tələb borclu tərəfindən tam şəkildə təmin edildiyi üçün xitam verilmişdir. Mülki işdə olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20 dekabr 2019-cu il tarixli, LM121901004 restrukturizasiya müqaviləsi üzrə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 20 dekabr 2019cu il tarixli, LM121901004 restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı banka borcu 26 mart 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 4.989 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 manat 93 qəpik, cərimə qismində 66 qəpik, cəmi 5.141 manat 68 qəpik təşkil edir. Mülki işdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti müflis elan edilmiş və həmin bank barədə iflas prosedurlarına başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı açıq səhmdar cəmiyyətinə ləğvedici təyin edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 4.489 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 manat 93 qəpik, cərimə qismində 66 qəpik, cəmi 5.141 manat 68 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Məhkəmə hesab edir ki, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid 14 fevral 2022-ci il tarixli qərarda, ifadə yanlışlığına yol verilrək, həmin icra sənədində qeyd edilmiş tələbin borclu tərəfindən tam təmin edilməsi əsası ilə, icra sənədinin icraatına xitam verilməsinin qeyd edilməsi, Cavabdeh2 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi üzrə üzərində öhdəsinə götürdüyü öhdəliklərin icrasından azad etmir. İşdə olan sübutlarla, o cümlədən məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid ifadəsindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə faktiki olaraq 28 fevral 2019-cu il tarixdən sonra hər hansı ödəniş və ya Cavabdeh2 əmək haqqından hər hansı tutulmalar aparılmamışdır. Cavabdeh2 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsini bağlamaqla, həmin tarixə olan borcunun 5.018 manat 35 qəpik təşkil etdiyini etiraf etməklə yanaşı həmin vaxtdan sonra qeyd edilən müqavilə üzrə iddiaçının nümayəndəsinin özünün etiraf etdiyi ödəmələrdən əlavə hər hansı başqa ödənişlərin etdiyini və ya onun əmək haqqından tutulmaların aparıldığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və ya müvafiq sübutların əldə edilməsi üçün məhkəmə qarşısında vəsatət qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.10-cu bəndlərinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya dedikdə kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Qaydanın 6.15-ci bəndinə görə kredit təşkilatları tərəfindən həmin Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanından və həmin Fərmanın əsasında qəbul edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələblərindən də görünür ki, kredit müqaviləsinin restruktrizasiyası dedikdə həmin müqavilənin şərtlərinin, yəni kreditin və ya onun ödənilməsi şərtlərinin (faiz dərəcəsinin aşağı salınması, kredit müqaviləsinin predmetinin digər valyutaya dəyişdirilməsi və s.) dəyişdirilməsi nəzərdə tutulur. Bu məqsədlə isə əvvəl bağlanmış kredit müqaviləsinə xitam verilir və borclu ilə güzəştli şərtlərlə yeni müqavilə bağlanır. İş materiallarından da görünür ki, iddiaçı bankla Cavabdeh2 arasında 03 iyun 2014-cü il tarixli, 70008267 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya istehlak məqsədilə, kreditdən istifadəyə görə illik 23% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 7.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin sonradan Cavabdeh2 həmin kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və bujna görə də ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən həmin şəxsə qarşı pul tələbi barədə məhkəmədə iddia qaldırılmışdır. Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı qətnaməsi ilə isə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası tam şəkildə təmin edilərək, Cavabdeh2 və zamin F.M.Mehtiyevdən cəmi 7.478 ABŞ dolları 44 sent və dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsində cavbadeh Cavabdeh2 tərəfindən yuxarı instansiya məhkəmələrinə apellyasiya və kassasiya şikayətləri verilsə də, qətnamə dəyişdirilmədən saxlanmış, qanuni qüvvəyə minərək, icraya yönəldilmişdir. Lakin 20 dekabr 2019-cu il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə cavbadeh Cavabdeh2 arasında yeni güzəştli şərtlərlə LM121901004 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Bununla da tərəflər arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 70008267 nömrəli kredit müqaviləsi öz qüvvəsini itirmiş və yeni müqavilə - 20 dekabr 2019-cu il tarixli, LM121901004 saylı restrukturizasiya müqaviləsi tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquqi alət olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanından və həmin Fərmanın əsasında qəbul edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələblərinə əsasən əgər borclu ilə güzəştli şərtlərlə yeni müqavilə (restrukturizasiya müqaviləsi) bağlanmışsa və əvvəlki kredit müqaviləsi üzrə iş məhkəmənin icraatındadırsa (ivra sənədi icra və probasiya şöbəsinin icraatındadırsa), əvvəlki müqaviləyə xitam verildiyi üçün kredit verən hüquqi şəxs tərəfindən məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir. İddiaçı bank tərfindən məhkəməyə təqdim edilmiş 01 fevral 2022-ci il tarixli məktubdan da görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanından və həmin Fərmanın tələbinə uyğun olaraq, Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi məqsədi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlamış və həmin məktubda tələbkar və borclu arasında bağlanmış kredit müqaviləsi restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid verdiyi ifadəsində də, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 fevral 2022-ci il tarixli məktubunu qəbul etdiyi, lakin texniki səhv nəticəsində icraata xitam verilməsi haqqında 14 fevral 2022-ci tarixli qərarda Biləsuvar rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli, 2(022)-1805/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi əsası kimi “tələb borclu tərəfindən tam şəkildə təmin edildiyi üçün” qeyd etmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qanunun 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndinin 3-cü abzasına əsasən məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflər məhkəməyə öz mövqelərini təsdiq edən sübutlar təqdim etsələr də, Cavabdeh2 məhkəməyə təqdim etdiyi sübut hazırki işin mahiyyəti üzrə həll edilməsi zamanı məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, Cavabdeh2 məhkəməyə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid icraata xitam verilməsi haqqında 14 fevral 2022-ci tarixli qərarını sübut qismində təqdim edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin həmin sübutun mötəbərliyi məhkəmə istintaqı zamanı şübhə altına alınmışdır. Çünki iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı icraata xitam verilməsinin tələbi barədə 01 fevral 2022-ci il tarixli məktubla, həmçinin icraata xitam verilməsi haqqında 14 fevral 2022-ci tarixli qərarı qəbul etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid məhkəmədə həmin qərarda texniki səhvə yol verərək, yanlışlıqla həmin qərarda icra sənədi üzrə icraata xitam verilməsi əsasını “borclu tərəfindən tələbin tam icra edildiyi” əsası kimi qeyd etdiyinə dair ifadəsi ilə cavabdehin məhkəməyə təqdim etdiyi sübutun mötəbər olmadığı sübuta yetirilmişdir və icraata xitam verilməsi haqqında 14 fevral 2022-ci tarixli qərar iş üzrə sübut kimi qəbul edilməmildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.489 manat 09 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 manat 93 qəpik, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə qismində 66 qəpik, cəmi 5.141 manat 68 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 20 dekabr 2019-cu il tarixli, LM121901004 nömrəli restrukturizasiya müqaviləsi ödənilməmiş üzrə əsas borc qismində 4.489 (dörd min dörd yüz səksən doqquz) manat 09 (doqquz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 151 (bir yüz əlli bir) manat 93 (doxsan üç) qəpik, cərimə qismində 66 (altmış altı) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat 42 (qırx iki) qəpik, cəmi 5.213 (beş min iki yüz on üç) manat 10 (on) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1176/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1176/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver