Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1249/2024 06.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 03 aprel 2019-cu il tarixli - BPM**********56 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 24 faizlə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin 09 dekabr 2020-ci il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. 14 dekabr 2020-ci il tarixli AZ-İİ 141072 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 09 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Biləsuvar rayon notariat ofisi tərəfindən təqdim edilmiş 19 yanvar 2021-ci il tarixli 2V-32 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının tələbi: X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə nağd kredit üzrə 6052.55 manat əsas borc, 161.27 manat faiz borcu olmaqla, cəmi 6213.82 manat borcunun və ödənilmiş 82.14 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini bildirərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, onun mərhum əri kredit götürmüşdür. Onun əri 2020-ci ildə vəfat etmişdir, 4 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə etiraz edir. Cavabdeh bildirmişdir ki, borcun ödənilməsi üçün hazırda maddi imkanı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 03 aprel 2019-cu il tarixli - BPM**********56 saylı kredit müqaviləsinə əsasən, X4 24 faizlə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən aylıq ödəniş məbləği 470.80 manat təşkil etməlidir). Maliyyə arayışına əsasən X3 20 aprel 2023-cü il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 6052.55 manat əsas, 161.27 manat faiz borcu mövcuddur. ”Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli, 6-2-22/2-29963/2024 nömrəli bildirişə (28 avqust 2024-cü il tarixli poçt qəbzi) əsasən, BPM**********56 nömrəli 03 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən X3 vərəsəsi Cavabdeh 6052.55 manat əsas borc və buna müvafiq olaraq hesablanmış 161.27 faiz borcu mövcuddur. Borc məbləğinin ödənilməsini 5 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 14 dekabr 2020-ci il tarixli AZ-İİ 141072 ölüm haqqında şəhadətnaməyə əsasən X6 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci ildə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilən Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi X2r. Şəhadətnamə verilən miras əmlak- ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Biləsuvar rayon notariat ofisi tərəfindən təqdim edilmiş 19 yanvar 2021-ci il tarixli 2V-32 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya)
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. İşə Baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsi (mübahisəli hüquq münasibətlərinin 2019-cu il tarixdə yarandığını nəzərə alaraq) təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 03 aprel 2019-cu il tarixli - BPM**********56 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 24 faizlə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Həmçinin, işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi üzrə borclu X6 14 dekabr 2020-ci il tarixli AZ-İİ 141072 ölüm haqqında şəhadətnaməyə əsasən 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 03 aprel 2019-cu il tarixli - BPM**********56 saylı kredit müqaviləsi bağlanmış, (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2). Daha sonra X6 09 dekabr 2020-ci il tarixdə vəfat etmiş, iş üzrə Cavabdeh 19 yanvar 2021-ci il tarixində 2V-32 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən Cavabdeh X3 vərəsəsi olaraq mərhumun öhdəlikləri üzrə məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X3 vərəsəsi Cavabdeh 03 aprel 2019-cu il tarixli-BPM**********56 saylı kredit müqaviləsinə əsasən 6052.55 manat əsas, 161.27 manat faiz, ümumilikdə 6213.82 manat məbləğində borc ”Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82.14 (səksən iki manat on dörd qəpik) manat və bank xidmət haqqının əvəzi olaraq 0.4 (qırxqəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh (X3 vərəsəsi) 03 aprel 2019-cu il tarixli-BPM**********56 saylı kredit müqaviləsinə əsasən 6052.55 (altı min əlli iki manat əlli beş qəpik) manat əsas, 161.27 (yüz altmış bir manat iyirmi yeddi qəpik) manat faiz, ümumilikdə 6213.82 (altı min iki yüz on üç manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 82.14 (səksən iki manat on dörd qəpik) manat və bank xidmət haqqının əvəzi olaraq 0.4 (qırxqəpik) manat məbləğində pul vəsaiti Cavabdeh (X3 vərəsəsi) tutularaq iddiaçı ”Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM: Mədinə Rəsulova