Məhkəmə qərarları › İş №e-2(022)-1282/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1282/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1282/2024 06.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, CP/58811/89/15 saylı kredit müqaviləsinə əsasən ona illik 16,50 faiz dərəcəsi ilə 48 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbi: Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11546,5 manat əsas, 1045,58 manat faiz, 173,62 manat cərimə, cəmi 12765,7 manat məbləğində vəsaitin və ödənilmiş 129 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında, iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizənin qəbul edilməsini məhkəmədən xahiş edərək, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh hesabına ödənişlər daxil olduğunu bildirmiş, bu səbəbdən hazırki iş üzrə Cavabdeh 8429,49 manat əsas borc, 3,87 manat faiz, 0,50 cərimə borcu olmaqla, ümumilikdə, 8433,86 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh 29 dekabr 2022-ci il tarixində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək, ona 14000 manat məbləğində nağd kredit verilməsini xahiş etmişdir. 29 dekabr 2022-ci il tarixli, CP/58811/89/15 saylı kredit müqaviləsinə əsasən, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək şərtilə 14000 manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 29 dekabr 2022-ci il tarixli, CP/58811/89/15 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, kredit illik 16,50 faiz dərəcəsi ilə 48 ay müddətinə, aylıq 400,36 manat olmaqla müəyyən edilmişdir. Pretenziya və onun göndərilməsinə dair 25 iyul 2024-cü il tarixli reyestrdən çıxarışa əsasən, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq dərhal ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 25 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 25 iyul 2024-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 8429,49 manat əsas, 3,87 manat faiz, 0,50 manat cərimə, cəmi: 8433,86 manat borcu yaranmışdır. 09 oktyabr 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəyə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh hesabına ödənişlər daxil olduğunu bildirmiş, bu səbəbdən hazırki iş üzrə Cavabdeh 9263,25 manat əsas borc, 25,50 manat faiz, 16,69 manat cərimə borcu olmaqla, ümumilikdə, 9263,25 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini məhkəmədən xahiş edilmişdir. 05 dekabr 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəyə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh hesabına ödənişlər daxil olduğunu bildirmiş, bu səbəbdən hazırki iş üzrə Cavabdeh 9263,25 manat əsas borc, 25,50 manat faiz, 16,69 manat cərimə borcu olmaqla, ümumilikdə, 9263,25 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini məhkəmədən xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.1-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya) 741-ci maddəsinə uyğun olaraq əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, "kredit müqaviləsi üzrə borc" tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir (tərəflər arasında mübahisəli tələb üzrə müqavilə münasibətlərinin 01 oktyabr 2022-ci il tarixdə yaranmasını nəzərə alaraq əvvəlki redaksiyaya istinad olunmuşdur) və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, CP/58811/89/15 saylı kredit müqaviləsinə əsasən ona illik 16,50 faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə, tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh müqavilə üzrə 8429,49 manat əsas, 3,87 manat faiz, 0,50 manat cərimə, cəmi 8433,86 manat borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 8429,49 manat əsas, 3,87 manat faiz, 0,50 manat cərimə, ümumilikdə 8433,86 (səkkiz min dörd yüz otuz üç manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar