Məhkəmə qərarları › İş №e-2(022)-1284/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1284/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1284/2024 24.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 31 mart 2021-ci il tarixli, 02/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 5.061 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 manat 90 qəpik, cərimə qismində 71 manat 25 qəpik, cəmi 6.246 manat 15 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat 87 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 31 mart 2021-ci il tarixli, 02/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 5.061 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 manat 90 qəpik, cərimə qismində 71 manat 25 qəpik, cəmi 6.246 manat 15 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat 87 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X1» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «X1» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı 10 avqust 2028-ci il tarixədək, illik 25% ödəmək şərti ilə 5.061 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak krediti məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” 31 mart 2021ci il tarixli “Kütləvi oferta”nı aksept etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə görə kreditin məqsədi digər kredit müqavilələrinin bağlanmasıdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilmısini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq iddiaçı həmin şəxsə qarşı kredit üzrə əsas borcun ödənilməsininin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «X1» açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 5.061 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 manat 90 qəpik, cərimə qismində 71 manat 25 qəpik, cəmi 6.246 manat 15 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat 87 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev 09 oktyabr 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə təyin edilmiş hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 mart 2021-ci il tarixli, 02/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsinin və həmin müaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən (borcverən) Cavabdeh (borcalan) 04 fevral 2023-cü il tarixli, 582sİNSHb/23 saylı kredit müqaviləsi üzrə 305 manat 72 qəpik və 04 fevral 2023cü il tarixli, 2086nkİNSHb/23 saylı kredit müqaviləsi üzrə 4.750 manat 05 qəpik məbləğində qalıq borcun qaytarılması məqsədi ilə 10 avqust 2028-ci il tarixədək, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25% ödəmək şərtilə, 5.061 manat krediti borcalanın cari hesabına köçürmə yolu ilə verilmişdir. Mülki iş materiallarında olan «X1» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsi üzrə borca dair maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 5.061 manat, 06 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 manat 90 qəpik və cərimə qismində 71 manat 25 qəpik, cəmi 6.246 manat 15 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 31 mart 2021-ci il tarixli, 02/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 5.061 manat, 06 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 manat 90 qəpik və cərimə qismində 71 manat 25 qəpik, cəmi 6.246 manat 15 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 31 mart 2021-ci il tarixli, 02/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 5.061 manat, 06 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 manat 90 qəpik və cərimə qismində 71 manat 25 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat 87 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin xeyrinə 31 mart 2021-ci il tarixli, 02/21 saylı “Kütləvi oferta” çərçivəsində bağlanmış 11 avqust 2023-cü il tarixli, 207nkCNTR/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.061 (beş min altmış bir) manat, 06 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.113 (bir min bir yüz on üç) manat 90 (doxsan) qəpik, cərimə qismində 71 (yetmiş bir) manat 25 (iyirmi beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat 87 (səksən yeddi) qəpik, cəmi 6.329 (altı min üç yüz iyirmi doqquz) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar