Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-130/2023 07.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı əsas borcun əvəzi qismində 6.553 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 744 manat 57 qəpik, cərimə faizləri qismində 64 qəpik, cəmi 7.298 manat 79 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı əsas borcun əvəzi qismində 6.553 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 744 manat 57 qəpik, cərimə faizləri qismində 64 qəpik, cəmi 7.298 manat 79 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətilə Cavabdeh arasında 18 mart 2022-ci il tarixdə bağlanmış və 311nkMDK/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 6.554 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 6.553 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 744 manat 57 qəpik, cərimə faizləri qismində 64 qəpik, cəmi 7.298 manat 79 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 mart 2022-ci il tarixli, 311nkMDK/22 saylı kredit müqaviləsindən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 6.554 manat məbləğində kredit verilmişdir. İşdə olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 10 noyabr 2022-ci il tarixli, UB-Bank/PİKMD/1066881 saylı arayışından görünür ki, cavabdehin «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 18 mart 2022-ci il tarixli, 311nkMDK/22 saylı kredit müqaviləsi üzrə 10 noyabr 2022-ci il tarixə əsas borc kimi 6.553 manat 58 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 426 manat 40 qəpik, cəmi 6.979 manat 98 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyəti ilə bağladığı 311nkMDK/22 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 6.553 manat 58 qəpik, 10 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 744 manat 57 qəpik, cərimə faizləri qismində 64 qəpik, cəmi 7.298 manat 79 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 18 mart 2022-ci il tarixli kredit, 311nkMDK/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 6.553 manat 58 qəpik, 10 noyabr 2022ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 744 manat 57 qəpik, cərimə faizləri qismində 64 qəpik, cəmi 7.298 manat 79 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93 manat 39 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh əsas borcun əvəzi qismində 6.553 (altı min beş yüz əlli üç) manat 58 (əlli səkkiz) qəpik, 10 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 744 (yeddi yüz qırx dörd) manat 57 (əlli yeddi) qəpik, cərimə faizləri qismində 64 (altmış dörd) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93 (doxsan üç) manat 39 (otuz doqquz) qəpik, cəmi 7.392 (yeddi min üç yüz doxsan iki) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-130/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-130/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver