Məhkəmə qərarları › İş №e-2(022)-1329/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1329/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1329/2024 22.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 467 manat, cərimə qismində 70 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik, cəmi 567 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 19 sentyabr 2024-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682- 23 saylı əlaqəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 467 manat, cərimə qismində 70 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik, cəmi 567 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 19 sentyabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh «Embawood» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən istehsal edilən mebelləri almaq məqsədi ilə illik 0% dərəcəsi ilə, 12 ay müddətinə qaytarmaq şərtilə 510 manat məbləğində istehlak krediti verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alınmış malı borcverənin xeyrinə girov qoyulmuşdur. Həmin müqavilənin 2.2.1-ci bəndinə görə kredit məbləğini «Embawood» məhdud məsuliyyətli cəmiyyətinin bank hesabına köçürmək (borcverənlə «Embawood» məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılmış əməkdaşlıq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa) borcverənin hüququdur. Mülki işdə olan 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsi üzrə hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh həmin kredit müqaviləsi üzrə borcundan bir dəfə - 30 noyabr 2023-cü il tarixdə 43 manat ödəniş etməmişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsi üzrə maliyyə arayışının surətindən görünür ki, T.A.X1 Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 05 sentyabr 2024-cü il tarixə həmin müqavilə üzrə borcu əsas borc qismində 467 manat, cərimə qismində 70 manat 05 qəpik, cəmi 2.401 manat 20 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla T.A.X1 Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsi üzrə 05 sentyabr 2024-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 467 manat, cərimə qismində 70 manat 05 qəpik, cəmi 537 manat 05 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.2.6-cı maddəsinə əsasən kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) kredit müqaviləsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə görə istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 70 manat 05 qəpik təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 30 manata qədər azaldılması məqsədə müvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 467 manat və cərimə qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 1 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 29 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin xeyrinə 30 oktyabr 2023-cü il tarixli, 867-EET-0682-23 saylı əlaqəli kredit müqaviləsi üzrə 05 sentyabr 2024-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 467 (dörd yüz altmış yeddi) manat, cərimə qismində 30 (otuz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 (iyirmi doqquz) manat 40 (qırx) qəpik, cəmi 526 (beş yüz iyirmi altı) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulsun. Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar