Məhkəmə qərarları › İş №e-2(022)-1373/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1373/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1373/2023 20.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 3 615 (üç min altı yüz on beş) manat 56 (əlli altı) qəpik əsas, 552 (beş yüz əlli iki) manat 05 (sıfır beş) qəpik faiz, 631 (altı yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik cərimə borcu olmaqla, cəmi borcu 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 68 AZN (altmış səkkiz manat) məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq TuranBank ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 592/f-22-10 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17.7 % olmaqla, 36 ay müddətinə 5 000 AZN (beş min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 592/f-22-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 3 615.56 AZN (üç min altı yüz on beş manat əlli altı qəpik) əsas, 552.05 AZN (beş yüz əlli iki manat beş qəpik) faiz, 631.79 AZN (altı yüz otuz bir manat yetmiş doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 4799.40 AZN (dörd min yeddi yüz doxsan doqquz manat qırx qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 17.7 % olmaqla cərimə faizi ödəyir. 3.1.2ci bəndinə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır, Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən zamin Borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsindən görünür ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17.7 % güzəşt müddəti 36 ay müddətinə cavabdehə 5000 manat məbləğində kredit verilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 3 615 (üç min altı yüz on beş) manat 56 (əlli altı) qəpik əsas, 552 (beş yüz əlli iki) manat 05 (sıfır beş) qəpik faiz, 631 (altı yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik cərimə borcu olmaqla, cəmi borcu 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 5.04.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsinə əsasən , 631 (altı yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik cərimə məbləğinin 63 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, iş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşlər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli, İK 592/F-22-10 saylı kredit müqavilə üzrə ödənilməmiş 3 615 (üç min altı yüz on beş) manat 56 (əlli altı) qəpik əsas, 552 (beş yüz əlli iki) manat 05 (sıfır beş) qəpik faiz, 63 (altmış üç) manat cərimə borcu olmaqla, cəmi 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3 615 (üç min altı yüz on beş) manat 56 (əlli altı) qəpik əsas, 552 (beş yüz əlli iki) manat 05 (sıfır beş) qəpik faiz, 631 (altı yüz otuz bir) manat 79 (yetmiş doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 AZN (altmış səkkiz manat) məbləğdə pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar