Məhkəmə qərarları › İş №e-2(022)-1436/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1436/2025

27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1436/2025 27.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000,00 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70,00 (yetmiş) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2106” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində Biləsuvar şəhəri, H.Əliyev küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Opel Astra” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000,00 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir. Biləsuvar RPŞ DYPB-nin Cəmiyyətə təqdim etdiyi arayışa əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh zərər vuran qismində tanınmış və avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,3(022)-1136/2023 saylı qərarında Cavabdeh 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-1136/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş № 7656/23 saylı qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı X3 məxsus “Opel Astra” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5160 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № 7998 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X3 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № CM1687/23 saylı işə dair sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən X3 dəymiş ziyanla bağlı 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan sərxoşluq haqqında 518 saylı xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, hadisə törənən zaman Cavabdeh yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətlərinə görə vurulmuş zəzərin 5000 manat müəyyən edilməsi və "xxxx" ASC tərəfindən iddiaçıya 5000 (beş min) manat sığorta ödənişinin həyata keçirilməsi nəzərə alınmaqla, iddia tələbi təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə subroqasiya tələbi üzrə 5000 (beş min) manat pul alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar