Məhkəmə qərarları › İş №e-2(022)-1452/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1452/2025

30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1452/2025 30.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 500,00 (beş yüz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 530,00 (beş yüz otuz) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mitsubishi Airtrek” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21704” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və “Vaz 21704” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi ziyan üzrə 500,00 (beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Mitsubishi Airtrek” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 məhkəməyə ielektron qaydada ərizə ünvanlayaraq, məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, onların iştirakı olmadan işə baxılaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu, M.İbrahimov küçəsi ərzisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Mitsubishi Airetek” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə toxunmaqla ona zərər dəymişdir.Baş vermiş hadisə nəticəsində həmin avtomobilin təmir xərcinin sığortasız ödənilməsi üçün təklif edilmişdir. Lakin hadisə olandan sonra qarşı tərəf onların təmir xərci üçün 300 manat təklifini qəbul etməmişdir və bildirmişdir ki, artıq sığortaya xəbər vermiş, onlar ona 500 manat ödəyəcəklər. Əslində dəymiş zərər göz qabağındadır, belə ki, həmin avtomobilin arxa dönmə işıqları bir tərəf istiqamətində qırılmışdır. Bir qədər arxa bufer sürtülmüşdür.Həmin işlərin görülməsi, yəni usta pulu daxil olmaqla arxa işıqlar cəmi 170 manat xərc tələb edirdi. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib edilmiş inzibati protokola əsasən məhkəmənin qərarı ilə 500 manat cərimə olunmuşdur. Qeyd olunanlara əsasən bildirir ki, “Vaz 21074” markalı 90 FM257 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan düzgün hesablanmamışıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 iyul 2024-cü il tarixli 177 saylı avtomobildə görüləcək işlərin hesablanması aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus Vaz 21704” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomobilə 663 manat ziyan dəymişdir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli hesabatdan görünür ki, “Vaz 21704” markalı, ** FM *** dövlət nömrə nişanlı avtomibilə ümumilikdə 500 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ref № **********7/836268816 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X2 500 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli № CLM**********02 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən X2 dəymiş ziyanla bağlı 500 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı inzibati protokoldan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci və 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətlərinə görə vurulmuş zəzərin 500 manat müəyyən edilməsi və "xxxx" ASC tərəfindən iddiaçıya 500 (beş yüz) manat sığorta ödənişinin həyata keçirilməsi nəzərə alınmaqla, iddia tələbi təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə subroqasiya tələbi üzrə 500 (beş yüz) manat pul alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 530 (beş yüz otuz) manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar