Məhkəmə qərarları › İş №e-2(022)-1487/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1487/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1487/2023 25.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1623 (min altı yüz iyirmi üç) manat, faiz borcuna görə 181 (yüz səksən bir) manat 23 (iyirmi üç) qəpik, cəmi 1804 (min səkkiz yüz dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində borcun və 38 (otuz səkkiz) manat 05 (beş) qəpik ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0249 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh oğlunun əsas borc üzrə 1623.00 AZN, faiz borcuna görə 181.23 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1804.23 (min səkkiz yüz dörd manat, iyirmi üç qəpik) AZN təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0249 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı MM QBKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MM QBKT-yə əsas borc üzrə 1623 (min altı yüz iyirmi üç) manat, faiz borcuna görə 181 (yüz səksən bir) manat 23 (iyirmi üç) qəpik, cəmi borcu 1804 (min səkkiz yüz dörd) manat 23 (iyirmi üç) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh İddiaçı MM QBKT-dan müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli **********0249 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı MM QBKT qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli **********0249 saylı kredit müqaviləsi ilə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə əsas borc üzrə 1623 (min altı yüz iyirmi üç) manat, faiz borcuna görə 181 (yüz səksən bir) manat 23 (iyirmi üç) qəpik, cəmi 1804 (min səkkiz yüz dörd) manat 23 (iyirmi üç) qəpik pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 38 (otuz səkkiz) manat 05 (sıfır beş) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1623 (min altı yüz iyirmi üç) manat əsas borc, 181 (yüz səksən bir) manat 23 (iyirmi üç) qəpik faiz, cəmi 1804 (min səkkiz yüz dörd) manat 23 (iyirmi üç) qəpik borc və 38 (otuz səkkiz) manat 05 (sıfır beş) qəpik İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar