Məhkəmə qərarları › İş №e-2(022)-1552/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1552/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1552/2025 03.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.053 manat 28 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 03 qəpik, cərimə qismində 3 manat 84 qəpik müqavilənin bitdiyi tarixdən – 17 iyun 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 17 manat 22 qəpik, cəmi 3.199 manat 37 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 27 avqust 2025-ci il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.053 manat 28 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 03 qəpik, cərimə qismində 3 manat 84 qəpik müqavilənin bitdiyi tarixdən – 17 iyun 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 17 manat 22 qəpik, cəmi 3.199 manat 37 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 27 avqust 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti 23 oktyabr 2014-cü il tarixli, 145 saylı kredit müqaviləsi üzrə 3.831 manat 91 qəpik məbləğində qalıq əsas borcu 1 il güzəşt müddəti müəyyən edilməklə, illik 1% borc faizləri ödəməsi şərtilə, 60 ay müddətinə - 17 iyun 2025-ci il tarixədək restrukturizasiya edilmişdir. İşdə olan 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 04 aprel 2025-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu cavabdehlərin 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə 02 aprel 2025-ci il tarixə əsas borc qismində 3.053 manat 28 qəpik, faiz borcu qismində 79 manat 84 qəpik və cərimə qismində 34 manat 48 qəpik, cəmi 3.167 manat 60 qəpik məbləğində borcları yarandığına görə həmin müqavilənin ləğv edilməsini və bütün borc məbləğinin 5 iş günü ərzində tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə 01 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə həmin müqavilə üzrə 28 iyul 2025-ci il tarixə borcu əsas borc qismində 3.053 manat 28 qəpik, müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 03 qəpik, cərimə qismində 3 manat 84 qəpik müqavilənin bitdiyi tarixdən – 17 iyun 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə faiz borcu qismində hesablanmış 17 manat 22 qəpik, cəmi 3.199 manat 37 qəpik təşkil edir. Mülki işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il traixli, 2-1(81)-1541/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti müflis elan edilmiş və «M.M.M. Perfekt Konsaltinq» məhdud məsuliyyətli cəmiyyətinin ləğvedici təyin edilmişdir. İşdə olan 13 aprel 2016-cı il traixli, 2-1(81)-1541/2016 saylı qərardadının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi qismində təyin edilmiş «M.M.M. Perfekt Konsaltinq» məhdud məsuliyyətli cəmiyyəti Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Beləliklə, işdə olan sübutlarla cavabdehlərin 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 02 aprel 2025-ci il tarixə əsas borc qismində 3.053 manat 28 qəpik, faiz borcu qismində 79 manat 84 qəpik və cərimə qismində 34 manat 48 qəpik, cəmi 3.167 manat 60 qəpik, məhkəmədə iddia qaldırıldığı vaxta isə əsas borc qismində 3.053 manat 28 qəpik, müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 03 qəpik, cərimə qismində 3 manat 84 qəpik müqavilənin bitdiyi tarixdən – 17 iyun 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə faiz borcu qismində hesablanmış 17 manat 22 qəpik, cəmi 3.199 manat 37 qəpik məbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən cavabdehlərdən 02 aprel 2025-ci il tarixə əsas borc qismində 3.053 manat 28 qəpik, faiz borcu qismində 79 manat 84 qəpik tələb etdiyi halda, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən sonrakı dövr üçün, yəni məhkəmədə iddia qaldırdığı 27 avqust 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 03 qəpik tələb edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən məhkəmədə iddia qaldırdığı tarixə hesabladığı və tələb etdiyi faiz borcu müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında bağlanmış 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlərə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 04 aprel 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz borcu hesablaması və tələb etməsi əsassızdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.10-cu bəndlərinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə, həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 3.053 manat 28 qəpik, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 04 aprel 2025-ci il tarixə müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 84 qəpik, cərimə qismində 3 manat 84 qəpik, müqavilənin bitdiyi tarixdən – 17 iyun 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 17 manat 22 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 1 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 51 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 17 iyun 2020-ci il tarixli, LM062000636 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 3.053 (üç min əlli üç) manat 28 (iyirmi səkkiz) qəpik, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 04 aprel 2025-ci il tarixə müqavilə müddəti üçün hesablanmış və ödənilməmiş 79 (yetmiş doqquz) manat 84 (səksən dörd) qəpik, cərimə qismində 3 (üç) manat 84 (səksən dörd) qəpik, müqavilənin bitdiyi tarixdən – 17 iyun 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə faiz borcu qismində hesablanmış 17 (on yeddi) manat 22 (iyirmi iki) qəpik, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 51 (əlli bir) manat, cəmi 3.205 (üç min iki yüz beş) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar