Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1576/2025 17.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı “X2" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 27.60 faiz olmaqla, 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin "X2" Açıq Səhmdar Cəmiyyətinə 4710.84 (dörd min yeddi yüz on manat səksən dörd qəpik) manat əsas, 552.67 (beş yüz əlli iki manat altmış yeddi qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 5283.51 (beş min iki yüz səksən üç manat əlli bir qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4710.84 (dörd min yeddi yüz on manat səksən dörd qəpik) manat əsas, 552.67 (beş yüz əlli iki manat altmış yeddi qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 5283.51 (beş min iki yüz səksən üç manat əlli bir qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 73.24 (yetmiş üç manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən "X2" Açıq Səhmdar Cəmiyyətinin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 12 noyabr 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh öz "X2" Açıq Səhmdar Cəmiyyətinə borcunu olduğunu etiraf edərək, maddi çətinliklər səbəbindən öhdəliyini icra edə bilməməsini bildirmiş və qətnamə çıxarılarkən bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 16 dekabr 2025-ci il tarixdə poçt-teleqram vasitəsilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 02 iyul 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq və faizlər ödənilmək şərtilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Borcalan krediti əldə edən zaman aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. 10 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 02 sentyabr 2025-ci il tarixli, Bank/PİKMD/1305569 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2025-ci il tarixinə "X2" Açıq Səhmdar Cəmiyyətinə 4710.84 (dörd min yeddi yüz on manat səksən dörd qəpik) manat əsas, 552.67 (beş yüz əlli iki manat altmış yeddi qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 5283.51 (beş min iki yüz səksən üç manat əlli bir qəpik) manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1 ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya) 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını, iddia ərizəsini, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, "kredit müqaviləsi üzrə borc" tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir (mübahisəli hüquq münasibətinin 2022-ci ilin iyul ayında yarandığını nəzərə alaraq) və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən ona illik 27.60 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Cavabdeh məhkəmənin 12 noyabr 2025-ci il tarixli hazırlıq iclasında izahat verərək iddia tələbini qəbul etdiyini, kredit müqaviləsi üzrə öhdəliklərini maddi çətinliklər səbəbindən yerinə yetirə bilmədiyini etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı zərərin vurulması faktını etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktı etiraf etməsi qəbul olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2). Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 02 sentyabr 2025-ci il tarixli maliyyə arayışında cavabdehin 552.67 (beş yüz əlli iki manat altmış yeddi qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 10 dekabr 2024-cü il tarixli bildirişdə cavabdehdən 157.74 (yüz əlli yeddi manat yetmiş dörd) manat məbləğində faiz, 0 (sıfır) manat cərimə borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz və cərimə borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 157.74 (yüz əlli yeddi manat yetmiş dörd) manat məbləğində faiz, 0 (sıfır) manat cərimə borcu alınaraq iddiaçıya verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 iyul 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən 4710.84 (dörd min yeddi yüz on manat səksən dörd qəpik) manat əsas, 157.74 (yüz əlli yeddi manat yetmiş dörd) manat məbləğində faiz borcu olmaqla, cəmi 4868.58 (dörd min səkkiz yüz altmış səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti ”X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73.24 (yetmiş üç manat iyirmi dörd qəpik) məbləğində pul vəsaitinin 50 (əlli) maanat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyul 2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən 4710.84 (dörd min yeddi yüz on manat səksən dörd qəpik) manat əsas, 157.74 (yüz əlli yeddi manat yetmiş dörd) manat məbləğində faiz borcu olmaqla, cəmi 4868.58 (dörd min səkkiz yüz altmış səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) maanat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı ”X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1576/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1576/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver