Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1624/2025 18.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, “cavabdehin 55.350 (əlli beş min üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, bu mümkün olmadığı təqdirdə iddiaçıya məxsus olan amma cavabdehin faktiki sahibliyində olan 77MS851 dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin və ** YC *** dövlət qeydiyyat nişanlı qoşqunun cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh 06 noyabr 2024-cü il tarixində iddiaçıya müraciət edərək 28020 (iyirmi səkkiz min iyirmi) manat dəyərində olan **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsini almaq istədiyi bildirmişdir. Bütün məbləği ödəmək imkanı olmadığı, yalnız məbləği hər ay ödəyə biləcəyini bildirmişdir. İddiaçı onunla razılaşmış və onların aralarında iradələrinə uyğun olaraq borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən cavabdeh nəqliyyat vasitəsinin dəyərini hər ay 2335 (iki min üç yüz otuz beş) manat olmaq ilə 12 ay müddətinə ödəməli idi. Cavabdeh bu müqavilə üzrə yalnız 3 ay 1450 (min dörd yüz əlli) manatdan cəmi 4350 (dörd min üç yüz əlli) manat ödəmişdir. Cavabdeh 23670 (iyirmi üç min altı yüz yetmiş) manatı ödəməkdən yayınmışdır və halhazırda da ödəmək niyyətində deyildir. Bundan əlavə cavabdeh ilk aylarda mütəmadi ödəniş etdiyi üçün yenidən iddiaçıya müraciət edərək nəqliyyat vasitəsinə qoşqu əldə etmək istədiyini, amma onun da dəyərini hissə-hissə ödəmək imkanında olduğunu bildirmişdir. İlk aylarda ödənişlərdə gecikmələri olmadığı üçün iddiaçı cavabdeh ilə daha bir, 05 mart 2025-ci il tarixli borc müqaviləsi bağlamışdır. Borc müqaviləsi ilə cavabdeh 99YC391 dövlət nişanlı qoşqunu 34560 (otuz dörd min beş yüz altmış) manata, dəyərini aybaya ödəmək şərti ilə satın almışdır. Müqaviləyə əsasən cavabdeh 24 ay müddətində hər ay 1440 (min dörd yüz qırx) manat ödəniş etməli idi. Amma cavabdeh yalnız 2 ay cəmi 2880 (iki min səkkiz yüz sksən) manat ödəniş etmiş və sonradan bu müqavilə üzrə də ödəniş etməkdən yayınmışdır. İddiaçı dəfələr ilə müqavilənin şərtlərinə riyayət edilməsini, ödənişlərin edilməsini tələb etsə də, cavabdeh buna riayət etməmişdir. İddiaçı dəfələrlə ona məxsus olan nəqliyyat vasitəsini və yəhərli dartıcını geri qaytarılmasını da cavabdehdən tələb etmişdir. Amma cavabdeh bu şərtlərə əməl etməmiş və əksinə borcu ödəməmək üçün qanunsuz əməllərə əl atmışdır. Hal-hazırda iddiaçı cavabdeh tərəfindən ona hər iki müqavilə üzrə (23670 manat və 31680 manat) ödənilməli olan 55350 (əlli beş min üç yüz əlli) manat borcu və ya ona məxsus olan “MAN” markalı nəqliyyat vasitəsini və yəhərli qoşqunu geri tələb edir. Nəzərə almaq lazımdır ki, qarşı tərəfə dəfələrlə yaranmış borcu ödəmək təklif edilsə də, o bundan boyun qaçırtmışdır. Həmçinin nəzərə alınmalıdır ki, müqavilələlərdən biri üzrə müddəti artıq bitmişdir. Cavabdeh müqavilənin şərtlərini icra etməmək üçün müxtəlif qanunsuz vasitələrdən istifadə də etmişdir. Bu halları nəzərə alaraq məhkəmədən cavabdehdən cəmi 55350 (əlli beş min üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə və ya bu mümkün olmadığı təqdirdə iddiaçıya məxsus olan amma cavabdehin faktiki sahibliyində olan **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin və **-YC-*** dövlət nişanlı qoşqunun cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi: Cavabdehdən cəmi, 55.350 (əlli beş min üç yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə və ya bu mümkün olmadığı təqdirdə iddiaçıya məxsus olan amma cavabdehin faktiki sahibliyində olan **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin və **-YC-*** dövlət nişanlı qoşqunun cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək tələbini müdafiə etdiyini dəfələrlə müraciət etməklərinə baxmayaraq nəticə əldə olunmadığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tərtib edilən zaman bəzi texniki nöqsanlara yol verilmişdir. Belə ki, iddia ərizəsində tərəflər arasında notarial qaydada müqavilənin bağlandığı qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, borc müqaviləsi notarial qaydada bağlanılmasa da, qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanılmışdır. Həmçinin iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddəsində çıxarış əlavə edilən zaman texniki səhvə görə maddə köhnə redaksiyada olan formada əlavə edilmişdir. Belə ki, Məcəllənin qeyd edilən maddəsində dəyişikliklər olunmuş və yeniliklər mövcuddur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 06 noyabr 2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin tərkibinə aşağıdakı predmetlər daxil olmuşdur: Borc verən 28020 (iyirmi səkkiz min iyirmi) manat məbləğində pul vəsaitini “Borc alana” qaytarmaq şərti ilə **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsini almaq məqsədi ilə borc verir. Borclu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc alan borc məbləğinin 2335 (iki min üç yüz otuz beş) manatını hər ayın 6-da ödəməlidir. Borc məbləğini 06 noyabr 12 ay müddətinə 2025ci il tarixədək geri qaytarmalıdır. 05 mart 2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin tərkibinə aşağıdakı predmetlər daxil olmuşdur: Borc verən 34560 (otuz dörd min beş yüz altmış) manat məbləğində pul vəsaitini “Borc alana” qaytarmaq şərti ilə **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqunu almaq məqsədi ilə borc verir. Borclu bu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür.Borc alan borc məbləğinin 1440 (min dörd yüz qırx) manatını hər ayın 6da ödəməlidir. Borc məbləğini 05 mart 24 ay müddətinə 2027-ci il tarixədək geri qaytarmalıdır. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, 77MS851 dövlət qeydiyyat nişanlı, “MAN” markalı yəhərli dartıcının mülkiyyətçisi İddiaçıdur. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, 99YC391 dövlət qeydiyyat nişanlı, “SCHALLEX” markalı yarımqoşqunun mülkiyyətçisi İddiaçıdur. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını, iddia ərizəsində göstərilən halları, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə təqdim edilmiş ərizəni, iş materiallarında olan yazılı sübutları və tətbiq edilməli hüquq normalarını birlikdə, qarşılıqlı əlaqədə və hərtərəfli qiymətləndirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı ayrıca normativ təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərində müqavilələrin hüquqi qüvvəyə minmə meyarına görə real və konsensual müqavilələrə bölünməsi qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında real və konsensual müqavilələrin hüquqi mahiyyətinə aydınlıq gətirilmişdir. Həmin qərarda göstərilmişdir ki, bağışlama müqaviləsinin həm real, həm də konsensual formaları mövcuddur. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir. Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsasən real müqavilələr üzrə hüquq və vəzifələr müqavilə predmeti olan əmlakın və ya pul vəsaitinin digər tərəfə verildiyi andan yaranır. Konsensual müqavilələr üzrə isə hüquq və vəzifələr müqavilə bağlandığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə borc müqaviləsinə əsasən borc verən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verir, borcalan isə həmin məbləği geri qaytarmağı öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi borc müqaviləsi real xarakter daşıyır və borc münasibətinin yaranması üçün borcun predmeti olan pul vəsaitinin faktiki verilməsi zəruridir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən cavabdehə müqavilələrdə göstərilən pul vəsaitlərinin faktiki olaraq verildiyini təsdiq edən mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında həmin pul vəsaitlərinin cavabdehə və ya onun göstərdiyi üçüncü şəxsə verilməsini təsdiq edən bank köçürməsi, qəbz və ya digər maliyyə sənədləri mövcud deyildir. Belə olan halda, borc müqaviləsinin real xarakter daşıması nəzərə alındıqda, borcun faktiki verilməsinin sübuta yetirilmədiyi şəraitdə tərəflər arasında həmin müqavilələr üzrə öhdəlik münasibətinin yarandığını mübahisəsiz hesab etmək mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin hüquqi və faktiki əsasları arasında daxili ziddiyyət mövcuddur. Belə ki, iddiaçı bir tərəfdən cavabdehdən hər iki müqavilə üzrə ümumilikdə 55.350 (əlli beş min üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmiş, digər tərəfdən isə bu mümkün olmadığı təqdirdə iddiaçıya məxsus olduğunu bildirdiyi nəqliyyat vasitəsinin və qoşqunun cavabdehdən alınaraq ona təhvil verilməsini xahiş etmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, həm **-MS-*** dövlət qeydiyyat nişanlı “MAN” markalı nəqliyyat vasitəsinin, həm də **-YC-*** dövlət qeydiyyat nişanlı qoşqunun mülkiyyətçisi iddiaçıdır. Bu hal iddiaçının iddia etdiyi hüquqi münasibət ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğunu göstərir. Belə ki, iddiaçı bir tərəfdən borc münasibətinin mövcudluğunu iddia edir, digər tərəfdən isə öz mülkiyyətində olan əmlakın cavabdehin istifadəsində olduğunu bildirərək həmin əmlakın geri qaytarılmasını tələb edir. Bununla yanaşı, iddiaçı həmin əmlakların cavabdehin faktiki istifadəsində və ya sahibliyində olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən tərəflərin prosessual hüquqlarının həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, təqdim edilmiş sübutlar məhkəmə iclasında tədqiq edilmiş və onlara hüquqi qiymət verilmişdir. Lakin iddiaçı iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən kifayət qədər və mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, 05 mart 2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən borcun 24 ay müddətində, yəni 2027-ci ilədək hissə-hissə qaytarılması nəzərdə tutulmuşdur. İş materiallarından isə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş ödənişlərin yalnız bir hissəsinin ödənilmədiyi görünür. Müqavilədə borcun vaxtından əvvəl tam şəkildə tələb edilməsinə dair ayrıca şərt müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən müqavilə üzrə hələ müddəti çatmamış öhdəliklərin də birbaşa tutulmasının tələb edilməsi hüquqi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə tərəfindən iş üzrə bütün sübutlar hərtərəfli və obyektiv araşdırılmış, onlara hüquqi qiymət verilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq olunmur, iddia tələbinin hüquqi və faktiki əsasları bir-biri ilə uzlaşmır və iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, sübutlarla təsdiq olunmayan və hüquqi əsasları aydın müəyyən edilməyən iddia tələbinin təmin edilməsi məhkəmə müdafiəsinin məqsədlərinə və mülki prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən seçilmiş müdafiə üsulu və irəli sürülmüş tələb iş üzrə müəyyən edilmiş faktiki hallarla və təqdim edilmiş sübutlarla təsdiq olunmadığından iddia təmin edilə bilməz və iddia rədd edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar məhkəmə iclasında tədqiq edilmiş və onların məcmusuna hüquqi qiymət verilmişdir. Lakin təqdim edilmiş sübutlar iddia tələbinin əsasını təşkil edən halları təsdiq etmək üçün kifayət etmədiyindən məhkəmə yalnız ehtimallara və tərəfin iddialarına əsaslanaraq iddia tələbinin təmin olunması barədə nəticəyə gələ bilməz. Məhkəmə hesab edir ki, sübutlarla təsdiq edilməyən və yalnız iddiaçının izahatlarına əsaslanan tələb məhkəmə tərəfindən təmin edilə bilməz, çünki bu, mülki prosessual qanunvericilikdə təsbit olunmuş sübutetmə prinsiplərinə və ədalətli məhkəmə araşdırması tələblərinə zidd olardı. Beləliklə, məhkəmə tərəfindən iş üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış, tərəflərin izahatlarına və iş materiallarında olan sənədlərə hüquqi qiymət verilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq olunmur. Məhkəmə hesab edir ki, sübutlarla təsdiq olunmayan və hüquqi əsasları aydın müəyyən edilməyən iddia tələbinin təmin edilməsi məhkəmə müdafiəsinin məqsədlərinə və mülki prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən seçilmiş müdafiə üsulu və irəli sürülmüş tələb iş üzrə müəyyən edilmiş faktiki hallarla və təqdim edilmiş sübutlarla təsdiq olunmadığından iddia təmin edilə bilməz və iddia rədd edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, mülki proses hüququnun əsas prinsiplərindən biri də iddia tələbinin müəyyən və aydın olması prinsipidir. İddiaçı məhkəməyə müraciət edərkən hüququnun hansı şəkildə müdafiə edilməsini istədiyini dəqiq müəyyən etməli və seçdiyi müdafiə üsulunu müvafiq hüquqi və faktiki əsaslarla əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı bir tərəfdən cavabdehdən 55.350 (əlli beş min üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmiş, digər tərəfdən isə bu mümkün olmadığı təqdirdə iddiaçıya məxsus olduğunu bildirdiyi nəqliyyat vasitəsinin və qoşqunun cavabdehdən alınaraq ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, göstərilən tələblər eyni hüquqi münasibətdən irəli gələn vahid və ardıcıl müdafiə üsulu kimi çıxış etmir. Belə ki, bir halda iddiaçı borc münasibətinin mövcudluğunu əsas gətirərək pul vəsaitinin tutulmasını tələb edir, digər halda isə əmlakın geri qaytarılmasını tələb etməklə mübahisəli hüquqi münasibətin mahiyyətini fərqli şəkildə təqdim edir. Belə vəziyyət isə iddia tələbinin hüquqi əsası ilə onun faktiki əsasları arasında qeyri-müəyyənliyin və ziddiyyətin mövcud olduğunu göstərir. Məhkəmə qeyd edir ki, hüquqi və faktiki əsasları bir-birinə uyğun gəlməyən və müdafiə üsulu aydın müəyyən edilməyən iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəfindən iş üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış, iddiaçı tərəfin izahatlarına və iş materiallarında olan sənədlərə hüquqi qiymət verilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq olunmur, iddia tələbinin hüquqi və faktiki əsasları birbiri ilə uzlaşmır və iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, sübutlarla təsdiq olunmayan, hüquqi əsasları aydın müəyyən edilməyən və faktiki hallarla uzlaşmayan iddia tələbinin təmin edilməsi məhkəmə müdafiəsinin məqsədlərinə və mülki prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iş üzrə müəyyən edilmiş faktiki hallarla və təqdim edilmiş sübutlarla təsdiq olunmadığından iddia rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 257 (iki yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1624/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1624/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver