Məhkəmə qərarları › İş №e-2(022)-1663/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1663/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1663/2025 30.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 02 iyul 2024-cü il tarixli, 303756 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.475 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 202 manat 37 qəpik, cərimə qismində 21 manat 10 qəpik, cəmi 3.698 manat 92 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 18 sentyabr 2025-ci il tarixdə «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 02 iyul 2024-cü il tarixli, 303756 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.475 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 202 manat 37 qəpik, cərimə qismində 21 manat 10 qəpik, cəmi 3.698 manat 92 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyul 2024-cü il tarixli, 303756 saylı kredit müqaviləsinin və həmin müqaviləyə əlavənin surətlərindən görünür ki, «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh gündəlik tələbat məqsədi ilə, kreditdən istifadəyə görə illik 14% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 4.400 manat məbləğində kredit vermiş və həmin kredit vəsaiti Cavabdeh bankda olan 07021755 nömrəli hesabına mədaxil olmuşdur. İşdə olan «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli, 303756 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyətinə həmin müqavilə üzrə borcu əsas borc qismində 3.475 manat 45 qəpik, 18 sentyabr 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 202 manat 37 qəpik, cərimə qismində 21 manat 10 qəpik, cəmi 3.698 manat 92 qəpik təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyəti tərəfindən cavabdehə göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətlərindən görünür ki, Cavabdeh «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyətinə həmin müqavilə üzrə cəmi borcu (faiz və cərimə daxil olmaqla) cəmi 3.679 manat 07 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyətinə 02 iyul 2024-cü il tarixli, 303756 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 3.475 manat 45 qəpik, məhkəmədə qaldırılmış üzrə iddia üzrə tələb edilən qaldırdığı vaxta hesablanmış və ödənilməmiş faiz borcu qismində 202 manat 37 qəpik, cərimə qismində 21 manat 10 qəpik, cəmi 3.698 manat 92 qəpik məbləğində borcu yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 02 iyul 2024-cü il tarixli, 303756 saylı kredit müqaviləsi üzrə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 3.475 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 202 manat 37 qəpik və cərimə qismində 21 manat 10 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «X2 Azerbaycan» qapalı səhmdar cəmiyyətinin xeyrinə 02 iyul 2024-cü il tarixli, 303756 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 3.475 (üç min dörd yüz yetmiş beş) manat 45 (qırx beş) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 202 (iki yüz iki) manat 37 (otuz yeddi) qəpik, cərimə qismində 21 (iyirmi bir) manat 10 (on) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 3.755 (üç min yeddi yüz əlli beş) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar