Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-17/2024 27.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasına Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğində maddi zərərin və 140 (bir yüz qırx) manat məbləğində dövlət rüsumunun, cəmi 16.569 (on altı min beş yüz altmış doqquz) manat 13 (on üç) qəpik məbləğində pul vəsitinin alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləcəri-Keşlə dəmir yolu mənzilində (9cu km 7-ci piketində) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2- 017 Sumqayıt-Xırdalan-Bakı sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində qatarın ön şüşəsi sınmışdır. Hadisə nəticəsində ADY-yə 16.429,13 (on altı min dörd yüz iyirmi doqquz manat 0.13 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X7 Polis İdarəsinin Biləcəri Xətt polis şöbəsində araşdırma aparılmışdır. Biləcəri Xətt polis şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində Biləcəri-Keşlə dəmir yolu mənzilində (9-cu km 7-ci piketində) ADY-yə məxsus STADLER EŞ2-017 Sumqayıt-Xırdalan-Bakı sürətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində şüşə hissəsinə zərər verən şəxsin Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar Cavabdeh bölməyə dəvət olunmuş və izahatı alınmışdır. Həmçinin hadisə nəticəsində ADY-yə 16.429.13 (on altı min dörd yüz iyirmi doqquz manat 0.13 qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MARS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. İşdə olan DYNPİ-nin Biləcəri st.XPŞ-nin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X6 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, 10 avqust 2022-ci il tarixdə, saat 17:30-da DYNPİ-nin məsul növbətçisi, polis baş leytenantı X8 st.XPŞ-nin növbətçi hissəsinə zəng edərək Bakı-Sumqayıt sürət qatarının şüşəsinin Keşlə Stansiyasının ərazisindən keçən zaman naməlum şəxs tərəfindən daşla sındırılması barədə məlumat verilmişdir. Bundan başqa, 12 avqust 2022-ci il tarixdə Biləcəri st.XPŞ-yə daxil olmuş "xxxx" QSC-nin 11 avqust 2022-ci il tarixli, 209724 nömrəli məktubunda qeyd edilmişdir ki, 6020 saylı marşrut ilə hərəkət edən EŞ2-017 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xx.xx.2022ci il tarixdə, saat 18:17:42 radələrində Keşlə dayanacağının girişində 9-cu km, pk-7-də hərəkətdə olarkən qatarın hərəkəti istiqamətində sağ tərəfdən həyətyanı sahədən daş atılmış, nəticədə qatarın ön şüşəsi kənardan yad cism dəyməsi səbəbindən zədələnmiş və qeyd edilən daşın həyətyanı sahədən atılması kamera görüntülərində əks olunmuşdur. İşdə olan DYNPİ-nin Biləcəri st.XPŞ-nin istintaq və təhqiqat qrupunun baş müstəntiqi X3 «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, qeyd olunan daxil olmuş məlumatla bağlı müvafiq araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, «Bakı şəhəri Binəqədi rayon, 7-ci mikrorayon 31/25 ünvanında sinif yoldaşı X5 yaşayır. Kənan Hacıağayevin yaşadığı yer dəmir yolunun yaxınlığında yerləşir. O, sonuncu ilə birlikdə yaşadğı ünvanda göyərçin saxlayır. Lakin həmin quşlara daima nəzarəti Kənan Hacıağayev edir. 09 avqust 2022-ci il tarixdə Kənan onunla əlaqə saxlamış, 10 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Şamaxı rayonuna gedəcəyini və quşlara onun nəzarət etməyini bildirmişdir. O, Kənana etiraz etməmiş və quşlara baxacağını bildirmişdir. O, 10 avqust 2022-ci il tarixdə saat 09 radələrində işə getmiş və həmin tarixdə işdən tez çıxıb Kənanın yaşadığı ünvana quşlara nəzarət etməyə getmişdir. O, oraya çatdıqdan sonra quşları saxlandığı hindən çıxartmış və quşlar uçmağa başlamışdır. Quşların bəziləri uçmuş, bəzilərinin isə elektiirk naqillərinin üzərində dayandığını görmüşdür. O, quşların uçması üçün dayandıqları elektrik naqillərinə doğru daş atmağa başlamışdır. Quşlar uçmadıqca o həmin istiqamətdə daş atmaqda davam etmişdir. Lakin hazırda neçə daş atdığını və quşa dəyməyən daşların hansı istiqamətdə getdiyini xatırlamır. O, quşlara daş atdığı vaxt oradan sürət qatarı keçmiş, atdığı daşın qatara dəyib-dəyməməsinə isə fikir verməmişdir». İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sırnişin daşımalar departamentinin maliyyə şöbəsinin 16 avqust 2022-ci il tarixli arayışından görünür ki, EŞ2-017 qatarın Q9 vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik məbləğ hesablanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. İşdə olan «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xx.xx.2022-ci il tarixdə, saat 18:17:42 radələrində Keşlə dayanacağının girişində 9-cu km, pk-7-də hərəkətdə olarkən qatarın hərəkəti istiqamətində sağ tərəfdən həyətyanı sahədən daş atılmış, nəticədə qatarın ön şüşəsi kənardan yad cism dəyməsi səbəbindən zədələnmişdir. Həmin hadisə baş verən vaxt Cavabdeh 18 yaşına çatmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. İş materialları ilə müəyyən olunur ki, 6020 saylı marşrut ilə hərəkət edən EŞ2-017 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xx.xx.2022-ci il tarixdə, saat 18:17:42 radələrində Keşlə dayanacağının girişində 9-cu km, pk-7-də hərəkətdə olarkən qatarın hərəkəti istiqamətində sağ tərəfdən həyətyanı sahədən Cavabdeh tərəfindən daş atılması nəticəsində qatarın ön şüşəsi zədələnmiş və nəticədə EŞ2-017 qatarın Q9 vaqonunda maşinist kabinasının ön şüşəsinin dəyişdirilməsinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik hesablanmaqla maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik dəyərində maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 140 (bir yüz qırx) manat, cəmi 16569,13 (on altı min beş yüz altmış doqquz manat on üç qəpik) manat pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat 13 (on üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 140 (bir yüz qırx) manat, cəmi 16569,13 (on altı min beş yüz altmış doqquz manat on üç qəpik) manat pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №e-2(022)-17/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-17/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver