Məhkəmə qərarları › İş №e-2(022)-1746/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1746/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1746/2025 14.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «08» Yanvar 2025-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1312.65 (bir min üç yüz on iki 65 qəpik) manat, faiz borcu üzrə 160.86 (yüz altmış 86 qəpik) manat, cərimə üzrə 143.04 (yüz qırx üç 4 qəpik) manat olmaqla, ümumilikdə 1616.55 (bir min altı yüz on altı 55 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 37 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış «08» Yanvar 2025-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə «08» Yanvar 2027-ci il tarixə qədər aylıq qalıq borcun 33 % dərəcəsini tətbiq etməklə 1500 manat (bir min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 və X2 arasında «08» Yanvar 2025-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 və X2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, X1 və Cavabdeh2 «03» Oktyabr 2025-ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1312.65 (bir min üç yüz on iki 65 qəpik) manat, faiz üzrə 160.86 (yüz altmış 86 qəpik) manat, cərimə üzrə 143.04 (yüz qırx üç 4 qəpik) manat olmaqla ümumilikdə 1616.55 (bir min altı yüz on altı 55 qəpik) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2025-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 33% dərəcəsini tətbiq etməklə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" açıq səhmdar cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh1 BOKT "xxxx" ASC-nə olan borcu əsas məbləğ üzrə 1312.65 (bir min üç yüz on iki 65 qəpik) manat, faiz borcu üzrə 160.86 (yüz altmış 86 qəpik) manat, cərimə üzrə 143.04 (yüz qırx üç 4 qəpik) manat olmaqla ümumilikdə 1616.55 (bir min altı yüz on altı 55 qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-dən müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 08 yanvar 2025-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 143.04 (yüz qırx üç 4 qəpik) manat təşkil edən cərimə məbləğinin 40 (qırx) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli, LD********** saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə 08 yanvar 2025-ci il tarixli, LD********** saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh1 08 yanvar 2025-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 08 yanvar 2025-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1312 (bir min üç yüz on iki) manat 65 (altmış beş) qəpik, faiz borcu üzrə 160 (yüz altmış) manat 86 (səksən altı) qəpik, cərimə üzrə 40 (qırx) manat olmaqla ümumilikdə 1513 (min beş yüz on üç) manat 51 (əlli bir) qəpik pul vəsaiti Bank Olmayan Kredit Təşkilatı "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat 13 (on üç) qəpik məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq QƏTETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətininnin xeyrinə 1312 (bir min üç yüz on iki) manat 65 (altmış beş) qəpik əsas borc, 160 (yüz altmış) manat 86 (səksən altı) qəpik faiz borcu, 40 (qırx) manat cərimə olmaqla, ümumilikdə 1513 (min beş yüz on üç) manat 51 (əlli bir) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat 13 (on üç) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar