Məhkəmə qərarları › İş №e-2(022)-1811/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1811/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1811/2025 28.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 400 manat əsas, 16 manat faiz, 58 manat komissiya və 16 manat cərimə olmaqla, cəmi 522 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 400 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 400 manat, faiz borcu üzrə 16 manat, xidmət haqqına (komissiyaya) görə isə 58 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 saylı kredit müqaviləsinə görə Cavabdeh 30 gün müddətinə, illik 60,85 % ödəmək şərti ilə 400 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 saylı müqaviləyə əsasən Cavabdeh hazırda iddiaçıya 400 manat əsas, 16 manat faiz, 58 manat komissiya və 16 manat cərimə olmaqla, cəmi 522 manat borcu mövcuddur. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı» açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx.xx.2024-cü il tarixli **********002 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2024-cü il tarixli **********002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş 400 manat əsas, 16 manat faiz, 58 manat komissiya və 16 manat cərimə olmaqla, cəmi 522 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bank Olmayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli **********002 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 400 manat əsas, 16 manat faiz, 58 manat komissiya və 16 manat cərimə olmaqla, cəmi 522 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 400 (dörd yüz) manat əsas, 16 (on altı) manat faiz, 58 (əlli səkkiz) manat komissiya və 16 (on altı) manat cərimə olmaqla, cəmi 522 (beş yüz iyirmi iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar