Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-20/2025 30.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı “X2" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, AGİD**********8 saylı “kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 27.6 faiz olmaqla, 35 ay müddətinə 5100 (beş min yüz) manat kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin "X2" Açıq Səhmdar Cəmiyyətinə 5100 (beş min yüz) manat əsas, 655.49 (altı yüz əlli beş manat qırx doqquz qəpik) manat faiz olmaqla, cəmi 5755.49 (beş min yeddi yüz əlli beş manat qırx doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5100 (beş min yüz) manat əsas, 655.49 (altı yüz əlli beş manat qırx doqquz qəpik) manat faiz olmaqla, cəmi 5755.49 (beş min yeddi yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 77.96 (yetmiş yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən "X2" Açıq Səhmdar Cəmiyyətinin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 31 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında heç bir kredit müqaviləsi bağlanmamış, onlardan kredit götürməmişdir. Kredit müqaviləsində əks olunan imzalar ona deyildir deyə bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 30 may 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 25 yanvar 2023-cü il tarixli, AGİD**********8 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq və faizlər ödənilmək şərtilə 5100 manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 25 yanvar 2023-cü il tarixli, AGİD**********8 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit illik 27.60 faiz dərəcəsi ilə 35 ay müddətinə olmaqla müəyyən edilmişdir. 23 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 06 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 may 2024-cü il tarixinə "X2" Açıq Səhmdar Cəmiyyətinə 5100 (beş min yüz) manat əsas, 655.49 (altı yüz əlli beş manat qırx doqquz qəpik) manat faiz olmaqla, cəmi 5755.49 (beş min yeddi yüz əlli beş manat qırx doqquz qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 4/2050 saylı ekspert rəyindən görünür ki, Cavabdeh adından olan 02 noyabr 2021-ci il tarixli ərizə-anket və imza nümunəsi adlı sənəddə “Cavabdeh” sözlərinin aşağısındakı imza və “Müştəri” bölməsindəki imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin təqdim etdiyi səs yazıları dinlənildiyi zaman bank əməkdaşları ilə Cavabdeh danışıqlarından müəyyən olunur ki, Cavabdeh onlara “mən sizə kredit götürmək üçün müraciət etmişəm?” deyə sual verir. Həmçinin səs yazılarında İsayev Anarın onlara cari ay ilə birlikdə banka olan ümumi borc məbləği 500 (beş yüz) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1 ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya) 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, eləcə də işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə borc tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir (tərəflər arasında mübahisəli tələb üzrə müqavilə münasibətlərinin 25 yanvar 2023-cü il tarixdə yaranmasını nəzərə alaraq əvvəlki redaksiyaya istinad olunmuşdur, belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəslinin yeni redaksiyası 24 fevral 2023-cü il tarixdə qüvvəyə minmişdir) və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin mübahisə edilən halları ondan ibarətdir ki, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə 25 yanvar 2023-cü il tarixdə, AGİD**********8 saylı kredit müqaviləsinin bağlandığını, ona illik 27,6 faiz dərəcəsi ilə 35 ay müddətində 5100 manat məbləğində kredit xətti açıldığını iddia edir. Cavabdeh isə, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmadığını, ona kredit xətti açılmadığını, eləcə də məhkəməyə təqdim olunan bank sənədlərinin onun tərəfindən imzalanmadığını bildirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər arasında bağlanması iddia edilən müqavilə üzrə yuxarıda qeyd edilən bir şərtə (əqdin məzmununa dair şərt) riayyət edilsə də, əqdin subyekt tərkibinə, iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmuşdur. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyindən görünür ki, mübahisələndirilən müqavilənin bağlanmasına dair ərizə-anket və imza nümunəsi adlı sənəddə “Cavabdeh” sözlərinin aşağısındakı imza və “Müştəri” bölməsindəki imza- Cavabdeh tərəfindən tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Müvafiq ekspert rəyinə istinadən məhkəmə hesab edir ki, müqavilə üzrə sənədlərdə Cavabdeh – borclu kimi göstərilən şəxsin adından atılmış imza ona məxsus deyil. Ekspertiza nəticəsi elmi metodlara əsaslanmaqla, qanuni qaydada həyata keçirilmiş və heç bir şübhə doğurmamışdır. Bu səbəbdən məhkəmə həmin rəyə sübutların qiymətləndirilməsi baxımından tam əsaslı hüquqi qiymət verir. Qeyd edilən hallar onu göstərir ki, Cavabdeh sözügedən kredit müqaviləsini imzalamamış və bu müqavilənin şərtlərini qəbul etdiyinə dair heç bir yazılı və ya rəsmiləşdirilmiş iradə ifadəsi ortaya qoymamışdır. Bu hal, Mülki Məcəllənin tələblərinə əsasən, həmin müqavilənin hüquqi nəticə doğurması üçün zəruri olan əsas şərtlərdən – razılıq və iradə ifadəsinin olmadığını göstərir. Göründüyü kimi mübahisələndirilən müqavilənin imzalanması zamanı lazımi subyektin iştirakı şərti pozulmuş və qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir. İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işə əlavə sübut kimi təqdim edilmiş səs yazıları da məhkəmə iclasında tədqiq edilərək, ətraflı təhlil olunmuşdur. Həmin səs yazılarında Cavabdeh bank əməkdaşı ilə danışaraq guya borcu qaytaracağına dair fikir bildirməsi eşidilir. Lakin bu səs yazısı aşağıdakı səbəblərdən hüquqi nəticə doğuracaq sübut kimi qəbul edilə bilməz:
1. Səs yazısında mübahisə predmeti olan konkret kredit müqaviləsinin nömrəsi, tarixi və ya hüquqi rekvizitləri qeyd olunmur. Belə olan halda, həmin səs yazısının hansı borc münasibətinə aid olduğu müəyyən edilməmiş qalır;
2. Hazırkı işə baxarkən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh eyni bankla əvvəlki dövrlərdə, fərqli tarixlərdə bir neçə kredit münasibəti olub (15 fevral 2022-ci il tarixli, 937nkNARb/22 saylı, 15 fevral 2022-ci il tarixli, 794nkNARb/22 saylı, müqavilələr üzrə). Bu halda səs yazısının məhz hazırkı mübahisəyə səbəb olan müqaviləyə dair olduğunu sübut etmək iddiaçının vəzifəsidir;
3. Səs yazısı ümumi xarakter daşıyır, konkret öhdəliyin etirafına deyil, ümumi razılaşma təəssüratı yaradır. Bu isə Mülki Prosessual Məcəllənin 76-cı maddələrinə əsasən, aydın və konkret sübut standartlarına cavab vermir. Belə olan halda, təqdim edilmiş səs yazısı mübahisə edilən müqavilənin borclu tərəfindən bağlandığını və öhdəlik götürüldüyünü təsdiqləyəcək birbaşa, dolğun və qəti sübut sayıla bilməz. Mülki prosessual hüququn əsas prinsiplərindən biri şübhənin borclu tərəfindən deyil, iddiaçı tərəfindən aradan qaldırılmasıdır. Yəni, iddia hüquqi nəticələr doğuracaq öhdəliyin mövcudluğunu qəti və təkzibedilməz şəkildə sübut etməlidir. Mövcud sübutlar isə məhkəmə tərəfindən belə nəticəyə gəlməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddənin tələblərinin əksinə olaraq isə iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən, cavabdehin kredit vəsaitini hüquqi və faktiki olaraq götürdüyünə dair açıq, birbaşa və birmənalı sübutlar təqdim edilməmişdir. Eləcə də, məhkəmənin 30 aprel 2025ci il tarixli iclasında iddiaçının nümayəndəsi tərəfindən, mübahisəli müqavilənin rəsmləşdirilməsini icra edən bankın işçisi Şahid qismində iştirakının təmin ediləcəyi ilə bağlı verdiyi şifahi vəsatət məhkəmə tərəfindən təmin edilmiş, həmin şəxsə məhkəmə tərəfindən rəsmi bildiriş göndərilmiş, bu məqsədlə mülki işə baxılması təxirə salınsa da, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi şahidin iştirakını təmin etməmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh proses iştirakçısı qismində çıxış etdiyi bir neçə mülki işə (hakim: Mədinə Rəsulova e-2 (022)-1406/2024, hakim: Nüsrət Mirzəyev e-2 (022)-251/2025) Biləsuvar Rayon Məhkəməsində kiçik iddialara dair sadələşmiş olmaqla yazılı icraat qaydasında baxılaraq, iddianın qismən təmin və təmin edilməsi barədə qətnamələr çıxarılmışdır. Həmin mülki işlərin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh qismində Cavabdeh iddia tələbinin əsaslandığı müqavilələr üzrə icra etdiyi imza, hazırkı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(022)-772/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün ekspertə tədqiqat obyekti qismində təqdim olunmuş sənədlərdəki imza nümunələri ilə gözlə görülə bilinəcək dərəcədə eynilik təşkil etsə də, hazırki mülki iş üzrə iddiaçı “X2" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanması iddia olunan 25 yanvar 2023-cü il tarixli, AGİD**********8 saylı kredit müqaviləsi və ona əlavə olunmuş sənədlərdəki imza nümunələri fərqlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.96 (yetmiş yeddi manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı tərəfə aid edilməli, eləcə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə aparılan tədqiqatın dəyəri kimi 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti iddiaçı “X2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət mədaxilinə alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
“X3" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.96 (yetmiş yeddi manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı tərəfə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə aparılan tədqiqatın dəyəri kimi 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti iddiaçı “X2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət mədaxilinə alınsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova