Məhkəmə qərarları › İş №e-2(022)-2127/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2127/2025

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2127/2025 05.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Cəbrayılzadə Yaşar Bəybala oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3280 manat, ödənilmiş dövlət rüsumuna görə 52 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 3634 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birlikdə dəmir üstası kimi çalışan vaxt cavabdehə dəmir darvaza hazırlaması üçün ünvan 1 ünvanda ümumilikdə 5780 manat pul vermişdir. Cavabdehin hazırladığı darvaza ev sahibinin xoşuna gəlmədiyi üçün cavabdehə ödədiy puldan cəmi 500 manat qaytarmış, qalan 5280 manatı hissə-hissə qaytarması barədə razılaşsalar da, dəfələrlə tələb etməyinə baxmayaraq qaytarmaqdan imtina etmişdir. Göstərilən səbəbdən məcbur olub ərazi üzrə Bakı şəhər Nərimanov RPİnin 17-ci Polis Şöbəsinə şikayət etmişdir. 17-ci PŞ-də xx.xx.2023-cü il tarixdə ondan, 02 yanvar 2024-cü il tarixdə cavabdehdən izahat alınmışdır. Cavabdeh izahat verdiyi dövrdə borcunu etiraf etmiş və 24 yanvar 2024-cü il tarixdə borcun 2000 manatini ödəmiş, qalan 3280 manatını isə xx.xx.2024-cü tarixə qədər ona ödəməyi öhdəsinə götürməsi barədə 17-ci PŞ-də qəbz yazmışdır. O, xaricdə olduğu üçün 2000 manatı onun adından yaxın dostu Tağı Tağıyev götürmüşdür. Cavabdeh izahat verərəkən borcu etiraf edərək, 2000 manat ödəmiş, qalıq borcu hər ay qazancından 500 manat ödəməyi öhdəsinə götürsə də, artıq həmin vaxtdan 10 ay keçməsinə baxmayaraq ödəniş etməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməyə söz versə də yayınmış, son zamanlar isə onun telefon zənglərinə ümumiyyətlə cavab verməmişdir. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və işin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi izah edilmişdir. İddiaçı nümayəndəsi Vəkil elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı Buzovna qəsəbəsində yerləşən bağ evinin pəncərələrinin dəmir barmaqlıqlarını sifariş etmək məqsədi ilə əvvəllər usta kimi tanıdığı Hikmət adlı şəxslə Nərimanov rayonunda yerləşən evinin yanında görüşmüş, onun bağ evində dəmir qapı, pilləkən və s. işlərin görülməsi üçün qiyməti razılaşmış və ilkin olaraq 5780 manat ona pul vermişdir. Cavabdeh işlərə başlamış, daha sonra iddiaçı xaricə getdiyi üçün gördüyü işin nəticəsini görməmişdir. O, xaricdən qayıdan zaman ona verdiyi sifarişlərin cavabdeh tərəfindən düzgün yerinə yetirilmədiyini görmüşdür. Cavabdeh isə ona bildirmişdir ki, o, bunları söküb başqa müştəriyə satar və əvəzinə istədiyi sifarişi edər. O da onunla razılaşmışdır. Lakin bu günə kimi nə sifarişi yerinə yetirməmiş, nə də pulu ona qaytarmamışdır. O, cavabdehlə bir neçə dəfə telefonla danışmışdır. Sonra cavabdeh həmin məbləğdən 500 manat pul qaytarmışdır. Artıq uzun müddətdir ki, Hikmət nə onun zənglərinə cavab vermir, nə də pulunu ona geri qaytarmır. 02 yanvar 2024-cü il tarixdə Cavabdeh 17-ci Polis Bölməsində izahat verərək göstərmişdir ki, Orxan ona Buzovnada yerləşən bağ evində ona aid dəmir işləri sifariş vermişdir. Bu dəmir işlərinin pullarını ona xırda-xırda ödəniş etmiş və uzun müddətə 500m+500m+500m+1000 manat və sair pulların ödəniş tarixi də qeyd olunub. O, sifarişlərin hamısını tam olaraq yerinə yetirmişdir. Sonradan Orxan ona demişdir ki, onun dizayneri-memarının reşotkaların evə yaraşmadığını ona demişdir. Bunları çıxardaraq siqnalizasiya qoymasını təklif etmişdir. Orxan ona dəmir raşotkaları sıxartmasını, doğrayaraq başqa müştəriyə satmasını, daha sonra ona pulunu qaytarmasını təklif etmişdir. Orxan ona ödənişləri hissə-hissə edəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Bununla bağlı Orxanla bir neçə dəfə söhbəti etmiş, cavabdeh işlədiyi sexin X2 məxsus olduğunu, ona görə də hər ay qazandığı puldan 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi İddiaçı özünə məxsus bağ evinə dəmir qapı, pilləkən, pəncərə barmaqlıqları və ümumi dəmirlə olan bütün işləri görməsini Cavabdeh tapşırmış və bu işləri görməyin müqabilində ona ilkin olaraq 5780 manat pul vermişdir. Cavabdehin etiraf etdiyi kimi həmin işləri iddiaçının özünün Buzovnada yerləşən bağ evi üçün görməsini öhdəsinə götürmüş, sonradan aralarında olan razılaşmaya əsasən görülən dəmir işlərini cavabdeh başqa müştəriyə satmış, lakin iddiaçıdan aldığı pulun yalnız 500 manatını geri qaytarmış, 17-ci Polis Bölməsində isə 2000 manatını qaytarmış, qalan 3280 manat pulu isə xx.xx.2024-cü il tarixə qədər qaytaracağı barədə qəbz yazmış, lakin bu günə qədər öhdəliyini yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh yazılı qəbz verərək 5280 manat bocundan 2000 manatını X1 Nərimanov RPİ-də ödədiyini, 3280 manat qalan borcunu isə xx.xx.2024-cü il tarixə kimi ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Pİ-nin 17-ci polis şöbəsinin baş təhqiqatçısı X3 09 yanvar 2024-cü il tarixli cinyət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh İddiaçı 5280 manat borclu olduğunu etiraf etmiş, həmin borcundan təhqiqat zamanı 2000 manatını ödəmiş, qalan 3280 manat borcunu da ödəyəcəyinə söz vermişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1-ci maddə). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (753.2-ci maddə). Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir (753.3-cü maddə). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun ( 759.2-ci maddəsi). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cəbrayılov X4 qəsəbəsində yerləşən bağ evinin pəncərələrinin dəmir barmaqlıqlarının hazırlanmasını, habelə onun bağ evində dəmir qapı, pilləkən və s. işlərin görülməsini Cavabdeh sifariş vermiş və görüləcək işlərin qiyməti barədə razılaşaraq ilkin olaraq 5780 manat pulu cavabdehə vermişdir. Daha sonra pəncərə raşotkaları (barmaqlıqlar) evin görkəmini pozduğu üçün İddiaçı həmin raşotkaları çıxararaq satmasını və onun üçün ödədiyi pulun ona geri qaytarılmasını Cavabdeh təklif etmiş, cavabdeh də onun təklifini qəbul etmişdir. Lakin iş materiallarından olan Bakı şəhəri Nərimanov rayon Pİ-nin 17-ci polis şöbəsinin 09 yanvar 2024-cü il tarixli «cinyət işi başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, Cavabdeh izahatında və eyni zamanda qəbz yazaraq İddiaçı 5280 manat borclu olduğunu göstərmiş, həmin borcundan 2000 manatını ödədiyini, qalan 3280 manat borcunu da ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3280 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: ddia təmin edilsin. Cavabdeh 3280 (üç min iki yüz səksən) manat pul, ödənilmiş dövlət rüsumuna görə 52 (əlli iki) manat və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pul, cəmi 3632 (üç min altı yüz otuz iki) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar