Məhkəmə qərarları › İş №e-2(022)-238/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-238/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-238/2024 22.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1187 (min yüz səksən yeddi) manat 64 (altmış dörd) qəpik, faiz borcuna görə 151 (yüz əlli bir) manat, cərimə borcuna görə 163 (yüz altmış üç) manat 44 (qırc dörd) qəpik, cəmi 1502 (min beş yüz iki) manat, 08 (sıfır səkkiz) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumu olaraq 35 (otuz beş) manat 03 (üç) qəpik iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********7911 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2300 (iki min üç yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 127 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********7911 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı MM QBKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MM QBKT-yə əsas borc üzrə 1187 (min yüz səksən yeddi) manat 64 (altmış dörd) qəpik, faiz borcuna görə 151 (yüz əlli bir) manat, cərimə borcuna görə 163 (yüz altmış üç) manat 44 (qırc dörd) qəpik, cəmi 1502 (min beş yüz iki) manat, 08 (səkkiz) qəpik məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh İddiaçı MM QBKT-dan müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixli **********7911 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı MM QBKT qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli **********7911 saylı kredit müqaviləsi ilə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə əsas borc üzrə 1187 (min yüz səksən yeddi) manat 64 (altmış dörd) qəpik, faiz borcuna görə 151 (yüz əlli bir) manat, cərimə borcuna görə 163 (yüz altmış üç) manat 44 (qırc dörd) qəpik, cəmi 1502 (min beş yüz iki) manat, 08 (sıfır səkkiz) qəpik məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat 03 (sıfır üç) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1187 (min yüz səksən yeddi) manat 64 (altmış dörd) qəpik əsas borc, 151 (yüz əlli bir) manat faiz borcu, 163 (yüz altmış üç) manat 44 (qırc dörd) qəpik cərimə borcu, cəmi 1502 (min beş yüz iki) manat, 08 (səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat 03 (sıfır üç) qəpik pul vəsaiti İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar