Məhkəmə qərarları › İş №e-2(022)-240/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-240/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-240/2023 16.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdeh X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1606.16 manat əsas, 1020.80 manat faiz, 876.80 manat cərimə, 387.86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3891.12 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 59 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 bildirmişdir ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4787 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 2900 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür.Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2 və Cavabdeh1 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyət daşıyır.Lakin buna baxmayaraq Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmi, kredit və faizləri vaxtında ödəməmişdir. Sonda ləğv prosesində olan “Zaminkabank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1606.16 manat əsas, 1020.80 manat faiz, 876.80 manat cərimə, 387.86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3891.12 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 59 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 4787 saylı kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan “Zaminkabank” açıq səhmdar cəmiyyəti Cavabdeh3 kreditdən istifadəyə görə illik 26% borc faizləri ödəməsi şərtilə 36 ay müddətinə, 2900 manat məbləğdə kredit vermişdir. İşdə materiallarında olan ləğv prosesində olan “Zaminkabank” açıq səhmdar cəmiyyətinin 15 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə 12 dekabr 2022-ci il tarixə kimi ləğv prosesində olan «Zaminkabank” açıq səhmdar cəmiyyətinə borcu, əsas borc üzrə 1606.16 manat, faiz borcu üzrə 1020.80 manat, 876.80 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 387.86 manat faiz məbləği, ümumilikdə 3891.12 manat təşkil edir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İş materiallarından isə görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırkı iddia məhkəmədə 19 dekabr 2022-ci il tarixdə qaldırılmış və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 4787 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 36 ay müddətinə qaytarmaq şərti ilə 2900 manat məbləğdə kredit götürmüş və İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 qarşı yalnız iddia müddəti bitdikdən sonra – 19 dekabr 2022-ci il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2015-ci il tarixli 4787 saylı kredit müqaviləsindən irəli gələn iddia tələblərinə iddia müddəti tətbiq edilməli, iddiaçı ləğv prosesində olan «Zaminbank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia rədd edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar