Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-257/2024 12.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.445 manat, cərimə qismində 216 manat 75 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 02 qəpik, cəmi 1.698 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 10 yanvar 2024-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.445 manat, cərimə qismində 216 manat 75 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat 02 qəpik, cəmi 1.698 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 10 yanvar 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh «Embawood» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən istehsal edilən mebelləri almaq məqsədi ilə, həmin məişət əşyaları – 1 ədəd “020 Madeyra/892044 Sahara dəst” markalı yataq dəsti, 1 ədəd “020 Madeyra/009180 Döşək 1600x2000x160 –Ecsoft” markalı döşək, 1 ədəd “020 Madeyra/190860 Nevis Tv altı” markalı qonaq dəsti – borc verənin xeyrinə girov qoyulmaqla, illki 0%-lə, 19 ay müddətinə qaytarmaq şərtilə 1.445 manat məbləğində istehlak krediti verilmiş və həmin məbləğdə kredit vəsaiti «Embawood» məhdud məsuliyyətli cəmiyyətinin bank hesabına köçürülmüşdür. Mülki işdə olan 19 yanvar 2023-cü il tarixli olan arayışın surətindən görünür ki, «Embawood» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 1.085 manat dəyərində 1 ədəd “020 Madeyra/892044 Sahara dəst” markalı yataq dəsti, 197 manat dəyərində 1 ədəd “020 Madeyra/009180 Döşək 1600x2000x160 –Ecsoft” markalı döşək və 163 manat dəyərində 1 ədəd “020 Madeyra/190860 Nevis Tv altı” markalı qonaq dəsti, cəmi 1.445 manat dəyərində məişət əşyaları 19 yanvar 2023-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, A.R.X1 Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 31 oktyabr 2023-cü il tarixə həmin müqavilə üzrə borcu əsas borc qismində 1.445 manat, cərimə qismində 216 manat 75 qəpik, cəmi 1.661 manat 75 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla A.R.X1 Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 1.445 manat, cərimə qismində 216 manat 75 qəpik, 1.661 manat 75 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 216 manat 75 qəpik təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 100 manata qədər azaldılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 1.445 manat və cərimə qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 02 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 35 manat 02 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin xeyrinə 19 yanvar 2023-cü il tarixli, 097-EMB-0021-23 saylı kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 1.445 (bir min dörd yüz qırx beş) manat, cərimə qismində 100 (bir yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 35 (otuz beş) 02 (iki) qəpik, cəmi 1.580 (bir min beş yüz səksən) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-257/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-257/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver