Məhkəmə qərarları › İş №e-2(022)-312/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-312/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-312/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 oğlundan İddiaçı ASC-nin xeyrinə 15621 (on beş min altı yüz iyirmi bir) manat 02 (sıfır iki) qəpik əsas, 1092 (min doxsan iki) manat 57 (əlli yeddi) qəpik faiz, cəmi 16713 (on altı min yeddi yüz on üç) manat 59 (əlli doqquz) qəpik pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 (yüz qırx) manat 14 (on dörd) qəpik pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 oğlu arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2132082B110 saylı kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 83 ay müddətinə 15737.85 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 15621.02 AZN əsas, 1092.57 AZN faiz, cəmi 16713.59 AZN borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh X2 oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli RGTK2132082B110 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC X2 oğluna kreditdən istifadəyə görə illik 16% borc faizləri ödəməsi şərtilə 83 ay müddətinə 15737.85 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 oğlu ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2132082B110 saylı kredit müqaviləsinə əsasən X2 oğlunun iddiaçı banka borcu xx.xx.2024-cü il tarixə ödənilməmiş 15621 (on beş min altı yüz iyirmi bir) manat 02 (sıfır iki) qəpik əsas, 1092 (min doxsan iki) manat 57 (əlli yeddi) qəpik faiz, cəmi 16713 (on altı min yeddi yüz on üç) manat 59 (əlli doqquz) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh X2 oğlu xx.xx.2023-cü il tarixli RGTK2132082B110 saylı kredit müqaviləsinə əsasən kreditor «Kapital Bank ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli RGTK2132082B110 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdirlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh X2 oğlu xx.xx.2023-cü il tarixli RGTK2132082B110 saylı kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 15621 (on beş min altı yüz iyirmi bir) manat 02 (sıfır iki) qəpik əsas, 1092 (min doxsan iki) manat 57 (əlli yeddi) qəpik faiz, cəmi 16713 (on altı min yeddi yüz on üç) manat 59 (əlli doqquz) qəpik pul vəsaiti cavabdeh X2 oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 (yüz qırx) manat 14 (on dörd) qəpik pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 oğlundan 15621 (on beş min altı yüz iyirmi bir) manat 02 (sıfır iki) qəpik əsas borc, 1092 (min doxsan iki) manat 57 (əlli yeddi) qəpik faiz borcu, cəmi 16713 (on altı min yeddi yüz on üç) manat 59 (əlli doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 (yüz qırx) manat 14 (on dörd) qəpik pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar