Məhkəmə qərarları › İş №e-2(022)-423/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-423/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-423/2025 22.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akt üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 120.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat, cəmi 121.000 manat məbləğində pul vəsaitinin cavabdehdən birdəfəlik alınaraq iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akt üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 120.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat, cəmi 121.000 manat məbləğində pul vəsaitinin cavabdehdən birdəfəlik alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. İddiaçı və onun nümayəndəsi Vəkil 22 aprel 2025-ci il tarixə, saat 16:00-a təyin edilmiş işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının və onun nümayəndəsinin artıq dördüncü dəfə məhkəmə iclaslarına gəlmədiklərini və özünün isə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı və onun nümayəndəsi məhkəmənin çağırışlarına gəlmədiyinə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il, 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır və belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələrini tətbiq edir. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər və ya iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci cağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akt üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 120.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat, cəmi 121.000 manat məbləğində pul vəsaitinin cavabdehdən birdəfəlik alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanıldığına görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt, 25 yanvar 2025-ci il tarixdə, «PashaPay» məhdud məsuliyyətli cəmiyyətinə məxsus “Milliön” ödəniş terminalı vasitəsilə 14221105 büdcə təsnifat kodu üzrə AZ73CTRE******************** xəzinə hesabına ********** nömrəli qəbzlə dövlət rüsumu qismində ödənilmiş 411 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 185, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 28 may 2021-ci il tarixli akt üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 120.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 410 manat, cəmi 121.000 manat məbləğində pul vəsaitinin cavabdehdən birdəfəlik alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 25 yanvar 2025-ci il tarixdə «PashaPay» məhdud məsuliyyətli cəmiyyətinə məxsus “Milliön” ödəniş terminalı vasitəsilə 14221105 büdcə təsnifat kodu üzrə AZ73CTRE******************** xəzinə hesabına ********** nömrəli qəbzlə ödənilmiş 411 (dörd yüz on bir) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar