Məhkəmə qərarları › İş №e-2(022)-447/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-447/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-447/2023 31.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı 27 dekabr 2019-cu il tarixli, 63 saylı güzəştli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 962 manat 64 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 27 qəpik, cəmi 987 manat 91 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 17 fevral 2023-cü il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı 27 dekabr 2019-cu il tarixli, 63 saylı güzəştli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 962 manat 64 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 27 qəpik, cəmi 987 manat 91 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 17 fevral 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 noyabr 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsinin surətindən görünür ki, 24 noyabr 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsinə əsasən «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyətinin «Cəlilabad» filialı tərəfindən Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 3.000 manat məbləğində pul vəsaiti verilmişdir. İşdə olan 24 noyabr 2014-cü il tarixli, 83 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 24 noyabr 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarında olan 24 noyabr 2014-cü il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 2.820 manat məbləğində pul vəsaitini «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyətinin «Cəlilabad» filialından almışdır. İş materiallarında olan 12 dekabr 2017-ci il tarixli problemli aktivlərin alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair aktın surətindən görünür ki, Cavabdeh2 «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyətinin «Cəlilabad» filialı ilə bağladığı 24 noyabr 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə öhdəlikləri təsdiq edən sənədlər «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyəti tərəfindən İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına verilmişdir. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixli, 63 saylı güzəştli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 962 manat 64 qəpik məbləğində kredit borcu güzəşt olunmaqla, cavabdehin həmin borcu ödəməsi üçün 5 il müddət müəyyən edilmiş və həmin müqaviləyə görə Cavabdeh2 962 manat 64 qəpik məbləğində kredit borcunu illik 1 faiz dərəcəsi ilə faiz borcları ödəməsi şərti ilə 5 il müddətinə iddiaçıya ödəməsi, borclu borcun ödənilməsini gecikdirdiyi halda, borc qalığına illik 1% dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına borcu ödənilməmiş əsas borc qismində 962 manat 64 qəpik, 26 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 27 qəpik, cəmi 987 manat 91 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyəti ilə bağlanmış 24 noyabr 2014-cü il tarixli, 83 saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, həmin müqavilə üzrə «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyətinin Cavabdeh1 qarşı tələb hüququnun Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanına əsasən, «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyəti ilə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə ilə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına keçdiyi və həmin müqavilə üzrə borcun resturukturizasiya edildiyi 27 dekabr 2019-cu il tarixli, 63 saylı güzəştli borc müqaviləsi üzrə iddiaçıya ödənilməmiş əsas borc qismində 962 manat 64 qəpik, 26 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 27 qəpik, cəmi 987 manat 91 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. "xxxx" açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının 2-ci maddəsinə görə İddiaçı qapalı səhmdar cəmiyyəti, "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək; tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək vəzifələrini yerinə yetirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinin tələbinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 dekabr 2019-cu il tarixli, 63 saylı güzəştli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 962 manat 64 qəpik, 26 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 manat 27 qəpik, cəmi 987 manat 91 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə 27 dekabr 2019-cu il tarixli, 63 saylı güzəştli borc müqaviləsi müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 962 (doqquz yüz altmış iki) manat 64 (altmış dörd) qəpik, 26 oktyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 25 (iyirmi beş) manat 27 (iyirmi yeddi) qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat, cəmi 1.017 (bir min on yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar