Məhkəmə qərarları › İş №e-2(022)-535/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-535/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-535/2024 30.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.752 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 48 manat 41 qəpik, cəmi 2.800 manat 53 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 29 mart 2024-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.752 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 48 manat 41 qəpik, cəmi 2.800 manat 53 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 29 mart 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsinin və həmin müqaviləyə Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh gündəlik tələbat məqsədi ilə kreditdən istifadəyə görə illik 20% borc faizləri və 29 manat 42 qəpik məbləğində xidmət haqqı ödəməsi şərtilə, 42 ay müddətinə 2.971 manat 31 qəpik məbləğində kredit vermişdir. İşdə olan 02 iyun 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 2.971 manat 31 qəpik məbləğində kredit vəsaiti Cavabdeh nağd qaydada təqdim edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə həmin müqavilə üzrə borcu əsas borc qismində 2.752 manat 12 qəpik, 25 mart 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 48 manat 41 qəpik, cəmi 2.800 manat 53 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2.752 manat 12 qəpik, 25 mart 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 48 manat 41 qəpik, cəmi 2.800 manat 53 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsi üzrə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.752 manat 12 qəpik və 25 mart 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 48 manat 41 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 02 iyun 2023-cü il tarixli, RGTK1757268B151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.752 (iki min yeddi yüz əlli iki) manat 12 (on iki) qəpik, 25 mart 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 48 (qırx səkkiz) manat 41 (qırx bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat, cəmi 2.848 (iki min səkkiz yüz qırx səkkiz) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar