Məhkəmə qərarları › İş №e-2(022)-651/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-651/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-651/2025 15.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 03 iyun 2024-cü il tarixli, 1800nkXRDb/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.704 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.810 manat 37 qəpik, cərimə qismində 157 manat 87 qəpik, cəmi 12.673 manat 14 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat 42 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 03 iyun 2024-cü il tarixli, 1800nkXRDb/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.704 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.810 manat 37 qəpik, cərimə qismində 157 manat 87 qəpik, cəmi 12.673 manat 14 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat 42 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X1» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 13 fevral 2023-cü il tarixdə müvafiq ərizəni imzalamaqla, «X1» açıq səhmdar cəmiyyətinin www.unibank.az adlı rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və həmin ofertanın şərtləri ilə razı olduğunu təsdiq etmiş (aksept), bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. “Bank xidmətlərinə dair ümumi oferta”nın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq, SMS vasitəsilə razılaşdırılmış, 02 iyun 2027-ci il tarixinədək qaytarmaq və illik 28,5 faiz ödəmək şərti ilə, istehlak məqsədləri üçün 10.900 manat məbləğində nağd kredit vəsaiti (komissiya 332 manat, aylıq ödəniş hər ayın 3-ü 454 manat) ddiaçı tərəfindən 03 iyun 2024-cü il tarixdə cavabdehin ödəniş kartına köçürülmüşdür (kredit № 1800nkXRDb/23). “Bank xidmətlərinə dair ümumi oferta”nın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. “Bank xidmətlərinə dair ümumi oferta”nın 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «X1» açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 10.704 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.810 manat 37 qəpik, cərimə qismində 157 manat 87 qəpik, cəmi 12.673 manat 14 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat 42 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev 08 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə (hazırlıq və baxış iclaslarıının) onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı qismən etiraf edərək bildirdi ki, o, əvvəllər Bakı şəhərində 2 işdə işləyərək yüksək qazanc əldə etdiyinə görə «X1» açıq səhmdar cəmiyyəti bağlanmış kredit müqaviləsinə əsasən o, iddiaçıdan 03 iyun 2024-cü il tarixdə 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” üzrə 10.900 manat məbləğində kredit vəsaiti almış və həmin vəsait hesabına iddiaçı bank qarşısında olan digər kredit öhdəliklərini bağlamışdır. Lakin sonradan o, əvvəlki işini itirmişdir və hazırda Xırdalan şəhərində gözətçi kimi işləyir və onun aylıq əməkhaqqsı 400 manatdır. O, hazırda ağır xəstəlikdən əziyyət çəkir və aldığı müalicələrin yüksək xərc tələb etdiyinə görə maddi imkanı aşağıdır. Lakin o, iddiaçıya olan əsas borcunu qəbul edir və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq olunmalı və iddia qismən təmin edilməlidir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi ofertadan” və həmin Ofertanın qəbul edilməsinə (aksept edilməsinə) dair 13 fevral 2023-cü il tarixli ərizə-anketin surətindən görünür ki, Cavabdeh “X1» açıq səhmdar cəmiyyətinin www.unibank.az adlı rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu (aksept etdiyini) təsdiq etmişdir. Həmin ofertanın 19.1-ci bəndinə əsasən borcverən SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddətdə, faktiki illik fazi dərəcəsində və məbləğdə müştəriyə kredit verir və həmin kreditin illik faiz dərəcəsi minimum 16 faiz, maksimum 40 faiz təşkil edir. Müştəri bankda qeydiyyatda olan mobil telefon nömrəsindən ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini SMS vasitəsilə borcverənin elan edilmiş əlaqə vasitələrinə göndərir. Bundan sonra borcverən müştərinin mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, habelə əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, müştərinin razılığını ifadə etmək üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif SMS-i göndərir. Müştərinin həmin SMS-ə cavab olaraq, öz mobil telefon nömrəsindən borcverənin qısa telefon nömrəsinə onun razılığını bildirəmn məzmunda SMS yazıb göndərməsi kredit məbləğinin müştərinin cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və borcverən həmin SMS-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit vəsaitini müştərinin cari hesabına köçürür. Mülki işdə olan SMS mətnlərin və Cavabdeh məxsus bank hesabından çıxarışın surətindən görünür ki, “X1» açıq səhmdar cəmiyyəti tərəfindən 03 iyun 2024-cü il tarixdə Cavabdeh istifadəsində olan mobil telefon nömrəsinə “Sənə xüsusi təklif: illik 28,5%-lə 10.900 AZN. Komissiya: 332 AZN. Hər ay ödəniş: 454 AZN. Təsdiq üçün YES yaz...” məzmununda SMS göndərilmiş, Cavabdeh 03 iyun 2024-cü il tarixdə “YES” yazaraq, “X1» açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmiş və 10.900 manat məbləğində kredit vəsaiti Cavabdeh bank kartı hesabına (ödəniş kodu (CİF): ********) köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 05 dekabr 2024-cü il tarixdə «X1» açıq səhmdar cəmiyyəti cavabdehin 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə 05 dekabr 2024-cü il tarixə əsas borc qismində 10.704 manat 90 qəpik, faiz borcu qismində 1.047 manat 17 qəpik və cərimə qismində 30 manat 82 qəpik, cəmi 11.782 manat 89 qəpik məbləğində borcu yarandığına görə həmin kredit müqaviləsinin ləğv edilməsini və bütün borc məbləğinin tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. Mülki işdə olan «X1» açıq səhmdar cəmiyyətinin 05 mart 2025-ci il tarixli, UB- Bank/PİKMD/1264199 saylı arayışından görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 1800nkXRDb/23 saylı kredit müqaviləsi üzrə 05 mart 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 10.704 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.810 manat 37 qəpik, cərimə qismində 157 manat 87 qəpik, cəmi 12.673 manat 14 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair ümumi oferta» çərçivəsində bağlanmış 03 iyun 2024-cü il tarixli 1800nkXRDb/23 saylı kredit müqaviləsi üzrə «X1» açıq səhmdar cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 05 dekabr 2024-cü il tarixə əsas borc qismində 10.704 manat 90 qəpik, faiz borcu qismində 1.047 manat 17 qəpik və cərimə qismində 30 manat 82 qəpik, cəmi 11.782 manat 89 qəpik, məhkəmədə iddia qaldırıldığı 06 mart 2025-ci il tarixə isə əsas borc qismində 10.704 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.810 manat 37 qəpik, cərimə qismində 157 manat 87 qəpik, cəmi 12.673 manat 14 qəpikməbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair ümumi oferta» çərçivəsində bağlanmış 03 iyun 2024cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilmiş 05 mart 2025-ci il tarixə əsas borc qismində 10.704 manat 90 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.810 manat 37 qəpik, cərimə qismində 157 manat 87 qəpik, cəmi 12.673 manat 14 qəpik məbləğində pul vəsaiti tələb etdiyi halda, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən 05 mart 2025-ci il tarixə hesabladığı və tələb etdiyi məbləğ, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair ümumi oferta» üzrə cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 05 dekabr 2024-cü il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair ümumi oferta» çərçivəsində bağlanmış 03 iyun 2024-cü il tarixli, 1800nkXRDb/23 saylı kredit müqaviləsi üzrə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 10.704 manat 90 qəpik, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 05 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.047 manat 17 qəpik və cərimə qismində 30 manat 82 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 9 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 119 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 52, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın qismən etiraf olunması təsdiq edilsin. «X1» açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 03 iyun 2024-cü il tarixli, 1800nkXRDb/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 10.704 (on min yeddi yüz dörd) manat 90 (doxsan) qəpik, 05 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.047 (bir min qırx yeddi) manat 17 (on yeddi) qəpik, cərimə qismində 30 (otuz) manat 82 (səksən iki) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119 (bir yüz on doqquz) manat 42 (qırx iki) qəpik, cəmi 11.902 (on bir min doqquz yüz iki) manat 31 (otuz bir) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1» açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar