Məhkəmə qərarları › İş №e-2(022)-656/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-656/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-656/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.700 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 148 manat 90 qəpik və cərimə qismində 91 manat 88 qəpik, cəmi 1.940 manat 78 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 06 mart 2025-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.700 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 148 manat 90 qəpik və cərimə qismində 91 manat 88 qəpik, cəmi 1.940 manat 78 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 05 mart 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə kreditdən istifadəyə görə illik 33% borc faizləri ödəməsi şərtilə, 18 ay müddətinə, 16 may 2026-cı il tarixədək qaytarmaq şərti ilə, 1.700 manat məbləğində istehlak krediti vermişdir. Mülki işdə materiallarında olan 16 noyabr 2024-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 16 noyabr 2024-cü il tarixli kreditvermə arayışının surətindən görünür ki, 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən 47 manat 60 qəpik məbləğində komissiya haqqı tutulmaqla, 1.652 manat 40 qəpik məbləğində kredit vəsaiti, Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh1 razılığı ilə ona məxsus 1230 0000 2272 6970 nömrəli hesab nömrəsinə köçürülməklə, həmin şəxsə təqdim edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən cavabdehə göndərilmiş 17 yanvar 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə borcları 17 yanvar 2025-ci il tarixə əsas borc qismində 1.700 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 92 manat 87 qəpik, cərimə qismində 23 manat 75 qəpik, cəmi 1.816 manat 62 qəpik təşkil edir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı «Azkredit» Məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 27 fevral 2025-ci il tarixli arayışın surətindən görünür ki, N.V.X1 Kredit Təşkilatı «Azkredit» Məhdud məsuliyyətli cəmiyyətinə borcu əsas borc qismində 1.700 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 148 manat 90 qəpik və cərimə qismində 91 manat 88 qəpik, cəmi 1.940 manat 78 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 və Cavabdeh2 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı «Azkredit» Məhdud məsuliyyətli cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 17 yanvar 2025-ci il tarixə əsas borc qismində əsas borc qismində 1.700 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 92 manat 87 qəpik, cərimə qismində 23 manat 75 qəpik, cəmi 1.816 manat 62 qəpik, məhkəmədə iddia qaldırıldığı əsas borc qismində 1.700 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 148 manat 90 qəpik və cərimə qismində 91 manat 88 qəpik, cəmi 1.940 manat 78 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehə qarşı müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. İşdə olan sübutlarla isə təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən kredit müqaviləsi üzrə məhkəmədə iddia qaldırıldığı tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində tələb etdiyi məbləğ, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verdiliyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, iddiaçı bankın tərəflər arasında bağlanmış 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi 17 yanvar 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.700 manat, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 17 yanvar 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 92 manat 87 qəpik, cərimə qismində 23 manat 75 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 2 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 38 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 16 noyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.700 (bir min yeddi yüz) manat, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi 17 yanvar 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 92 (doxsan iki) manat 87 (səksən yeddi) qəpik, cərimə qismində 23 (iyirmi üç) manat 75 (yetmiş beş) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 38 (otuz səkkiz) manat, cəmi 1.854 (bir min səkkiz yüz əlli dörd) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Bank Olmayan Kredit Təşkilatı «Azkredit» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar