Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-666/2025 17.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 08 noyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmə tərəfindən 21 noyabr 2022-ci il tarixli, 2(022)-1257/2022 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “YapıKredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti “Azcollect" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 18 yanvar 2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “Azcollect" Məhdud Məsuliyyətli Cəmiyyəti sifariş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyətı orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh 17 mart 2023-cü ildə 218,16 manat, 18 aprel 2023-cü ildə 170 manat, 01 iyun 2023-cü ildə 30 manat ödənilən borc məbləği “Azcollect" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 62.72 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18 yanvar 2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "Azcollect” Məhdud Məsuliyyətli Cəmiyyətinə cavabdeh(lər) tərəfindən“X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 62.72 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçının tələbi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 62.72 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiasına qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 08 noyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır; “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə ”Azcollect“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin surətindən görünür ki, X1 tərəfindən 17 mart 2023-cü ildə 218,16 manat, 18 aprel 2023-cü ildə 170 manat, 01 iyun 2023-cü ildə 30 manat ödənilən borc məbləği “Azcollect“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 62.72 manat məbləğində xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanununun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir; 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir; 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Hazırki iş materiallarından aydın olur ki, müvafiq qətnamə üzrə verilmiş icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar tərəfindən şikayət verilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu hala istinadən qeyd edir ki, tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş, maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olub-olmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir. Tələbkarın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müvafiq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15%-i həcmində, yəni 62.72 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T ET Dİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-666/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-666/2025
17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver