Məhkəmə qərarları › İş №e-2(022)-671/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-671/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-671/2024 03.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1995 (min doqquz yüz doxsan beş) manat, faiz borcuna görə 291 (iki yüz doxsan bir) manat 42 (qırx iki) qəpik, cərimə borcuna görə 112 (yüz on iki) manat 82 (səksən iki) qəpik, cəmi 2399 (iki min üç yüz doxsan doqquz) manat 24 (iyirmi dörd) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat pul vəsaitinin İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********7284 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3800 çü) min səkkiz yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 210 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********7284 - ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1995.00 AZN, faiz borcuna görə 291.42 AZN, cərimə borcuna görə 112.82 AZN, cəmi borcu 2399.24 (iki min üç yüz doxsan doqquz manat iyirmi dörd qəpik) AZN təşkil edir.Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********7284 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə hər ay 210 manat ödəmək şərti ilə 3800 manat kredit verilmişdir. İşdə olan İddiaçı MM QBKT tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********7284 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMM QBKT-yə əsas borc üzrə 1995 (min doqquz yüz doxsan beş) manat, faiz borcuna görə 291 (iki yüz doxsan bir) manat 42 (qırx iki) qəpik, cərimə borcuna görə 112 (yüz on iki) manat 82 (səksən iki) qəpik, cəmi 2399 (iki min üç yüz doxsan doqquz) manat 24 (iyirmi dörd) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh2, digər tərəfdən İddiaçı MM QBKT olmaqla xx.xx.2021-ci il tarixli **********7284 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixli **********7284 saylı kredit müqaviləsinin tələbinə görə kreditor İddiaçı MM QBKT-dan müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan **********7284 - ******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə **********7284 - ******* saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********7284 saylı kredit müqaviləsi ilə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə əsas borc olaraq 1995 (min doqquz yüz doxsan beş) manat, faiz borcuna görə 291 (iki yüz doxsan bir) manat 42 (qırx iki) qəpik, cərimə borcuna görə 112 (yüz on iki) manat 82 (səksən iki) qəpik, cəmi 2399 (iki min üç yüz doxsan doqquz) manat 24 (iyirmi dörd) qəpik borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1995 (min doqquz yüz doxsan beş) manat əsas borc, 291 (iki yüz doxsan bir) manat 42 (qırx iki) qəpik faiz borcu, 112 (yüz on iki) manat 82 (səksən iki) qəpik cərimə borcu, cəmi 2399 (iki min üç yüz doxsan doqquz) manat 24 (iyirmi dörd) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat pul İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar