Məhkəmə qərarları › İş №e-2(022)-711/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-711/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-711/2025 16.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Təhməzov Daşqın Seyidhüseyin oğlu bacısı Əhədova Nəzakət Əlihüseyin qızının oğludur. Cavabdeh özünə lizinq yolu ilə avtomobil götürərək taksi fəaliyyəti göstərmək və ailəsini dolandırmaq istəyirdi. 2021-ci ildə özünə lizinqlə avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Nəqliyyat vasitəsini necə və hansı sənədlərlə almasını bilməsə də, ində ona məlum olmuşdur ki, 10 iyul 2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Məmmədov Amid Yavər oğlu arasında bağlanmış MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 16.800 (on altı min səkkiz yüz) manat məbləğinə “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə alınmaqla sifarişçi Amidin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 (dörd yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat, ümumilikdə isə 24016 (iyirmi dörd min on altı manat) manat məbləğində pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən Rafiq avtomobili idarə etməyə başlamış və taksi fəaliyyəti göstərmişdir. O, həmin sənədləri görməsə də, avtomaşının onun tərəfindən idarə edilməsini bilirdi. İndilərdə öyrənmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə Məmmədov Amid Yavər oğlu, Hüseynov Namik Nafık oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 23 sentyabr 2021ci il tarixdə Hüseynov Namik Nafık oğlu, Məmmədov Elçin Rasim oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri E.Məmmədov öz üzərinə götürmüşdür. 29 yanvar 2022-ci il tarixdə Məmmədov Elçin Rasim oğlu, Hüseynov Namik Nafik oğlu və “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 2022-ci ilin yanvar ayında Rafiq iddiaçıya müraciət edərək demişdir ki, sürücülük hüququ olmadığından avtomobilin onun adında lizinqdə olması ilə əlaqədar bəzi problemləri olur və bu səbəbdən lizinq müqaviləsini onun adına dəyişmək istəyir. Əlavə olaraq bildirmişdir ki, bu, formal xarakter daşıyacaq. Öhdəlik üzrə ödənişləri özü həyata keçirəcək və ona heç bir problem yaratmayacaqdır. İddiaçı heç nədən şübhələnmədən razılaşmışdır. 31 yanvar 2022-ci il tarixdə Hüseynov Namik Nafik oğlu, iddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlandı və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri iddiaçı öz üzərinə götürdü. Bir müddət heç bir problem olmadı və cavabdeh lizinq ödənişlərini iddiaçının adından ödəməyə davam etdi. 2022-ci ilin oktyabr ayından başlayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən iddiaçıya lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməyi haqda xəbərdarlıqlar gəlməyə başlamışdır. İddiaçı Rafiqə zəng edərək narazılığını çatdırmış və cavabdeh ona bildirmişdir ki, ödənişləri edəcək. 27 dekabr 2022-ci il tarixdə 442 manat məbləğində ödəniş etdikdən sonra onun zənglərinə cavab verməmişdir. İddiaçı cavabdehin anası Nəzakətlə danışmış, anası demişdir ki, narahat olmasın həll ediləcəkdir. Nəhayət, 2023-cü ilin mart ayında ona məlum olmuşdur ki, Rafiq avtoqəza törətmiş və onun adına müqavilə əsasında müvəqqəti istifadəsinə verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 mart 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5901.66 (beş min doqquz yüz bir manat altmış altı qəpik) manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh olaraq ona qarşı "borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Azərmaş" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh Əhədova (Eyvazova) Sona Əlihüseyn qızından MAS-4067 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 mart 2023-cü il tarixə 481.41 (dörd yüz səksən bir manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 376.11 (üç yüz yetmiş altı manat on bir qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 254.68 (iki əlli dörd manat altmış səkkiz qəpik) manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5901.66 (beş min doqquz yüz bir manat altmış altı qəpik) manat, ümumilikdə 7013.86 (yeddi min on üç manat səksən altı qəpik) manat borc və ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 2(006)-176/2024-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Əhədova (Eyvazova) Sona Əlihüseyn qızından MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 mart 2023-cü il tarixə 481.41 (dörd yüz səksən bir manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 131,79 (yüz otuz bir manat yetmiş doqquz qəpik) manat gecikdirilmiş mükafat, 4737 (dörd min yeddi yüz otuz yeddi ) manat avtomobilə dəyumiş zərər, ümumilikdə 5350,2 (beş min üç yüz əlli manat iyirmi qəpik) manat pulun “Azərmaş Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. 31 yanvar 2022-ci il tarixdə Hüseynov Namik Nafik oğlu, Əhədova (Eyvazova) Sona Əlihüseyn qızı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında MAS- 4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri o üzərinə götürsə də, bu müqavilə formal və görüntü məqsədi ilə bağlanmışdır. Belə ki, o, bacısı oğlu olan Cavabdeh Seyidhüseyin oğlunun sözlərinə inanaraq lizinq öhdəliyini üzərinə götürsə də, avtomaşın faktiki olaraq alındığı gündən Cavabdeh Seyidhüseyin oğlunun istifadəsində olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə lizinq öhdəliyi üzrə ödənişlər də onun tərəfindən ödənilmişdir. Cavabdeh Seyidhüseyin oğlu ona verdiyi vədi yerinə yetirməmiş, lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və avtoqəza törədərək avtomaşını yararsız hala salmışdır. Müqavilə üzrə sonuncu ödəniş 27 dekabr 2022-ci il tarixdə 442 manat məbləğində olmuş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədə adı formal qeyd olunmuş S.Əhədovaya xəbərdarlıq etməyə başlamışdır. Cavabdeh Seyidhüseyin oğlu idarə etdiyi “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmiş, avtomobilə 5901.66 (beş min doqquz yüz bir manat altmış altı qəpik) manat məbləğində zərər vurmuş və 03 märt 2023-cü il tarixdə avtomaşını istifadəyə yararsız vəziyyətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti duracağına yerləşdirmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5901.66 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Beləliklə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə öhdəliyini nəzərə alaraq avtomobilə vurulmuş 5901.66 (beş min doqquz yüz bir manat altmış altı qəpik) manat məbləğində ziyan məbləğini məndən - İddiaçı tələb etsə də, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili qəzaya salıb faktiki ziyan vuran şəxs alındığı gündən qəza törətdiyi günə qədər avtomaşını istifadəsində saxlayan və faktiki sahiblik edən Cavabdeh Seyidhüseyin oğlu olmuşdur. Ona görə də, avtomobilə vurulmuş həmin ziyana görə o, maddi məsuliyyət daşımalıdır. İddiaçı dəfələrlə Təhməzov Daşqın Seyidhüseyin oğlu ilə danışmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin onu məhkəməyə verdiyini xatırlatmış və ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh Seyidhüseyin oğlu hər dəfə pulu ödəyəcəyini bildirsə də, sonuncu dəfə 27 dekabr 2022-ci il tarixdə 442 (dörd yüz qırx iki) manat məbləğində pul ödəmiş, sonra isə maddi imkanı olmadığını bildirərək pul ödəməkdən imtina etmişdir. İddiaçının tələbi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Khazar SD" markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobili qəzaya uğradaraq 5901.66 (beş min doqquz yüz bir manat altmış altı qəpik) manat məbləğində ziyan vurmuş Cavabdeh Seyidhüseyin oğlundan həmin məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı hər hansı etiraz və ya yazılı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat bildirmişdir ki, məhkəmədə iddia qaldırdığı müddətdən bu günə Cavabdeh 2350 (iki min üş yüz əlli) manat ödəniş etmişdir. İddiaçı Cavabdeh 3551.66 (üç min beş yüz əlli bir manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 11 iyun 2025-ci il tarixli iclasında iştirak edən İddiaçı Cavabdeh faktiki olaraq Bakı şəhərində yaşadığını və işlədiyini bildirmişdir. Məhkəmə, cavabdehin faktiki olaraq başqa şəhərdə olduğunu, buna görə də məhkəmə iclasında şəxsən iştirak etməsinin mümkün olmadığını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-2.1.1-ci maddəsinə əsasən məhkəmənin iclasının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirərək Cavabdeh iştirakını təmin etmişdir. Cavabdeh iddia tələbini qəbul etdiyini və ərizəyə qarşı heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmənin 16 iyul 2025-ci il tarixli iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsinə 3 saylı Əlavə ödəniş cədvəlinin surətindən görünür ki, ümumi məbləğ 16800 (on altı min səkkiz yüz) manat, illik faiz dərəcəsi 23 faiz, 48 ay müddətinə aylıq 429.49 (dörd yüz iyirmi doqquz manat qırx doqquz qəpik) aylıq ödəniş təyin edilmişdir. 23 sentyabr 2021-ci il tarixlı təhvil-təslim aktının surətindən görünür ki, Hüseynov namik Natik oğlu və Məmmədov Elçin Rasim oğlu Hüseynov Namik Natik oğlunun istifadəsinə verilmiş saz vəziyyətdə olan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 aprel 2023-cü il tarixli hazırlanmış qüsur aktından görünür ki, avbtomobilə dəymiş ümumi ziyanın məbləği 5901.66 (beş min doqquz yüz bir manat altmış altı qəpik) manat məbləğində təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1141 nömrəli 28 aprel 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh İddiaçı borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 9i5873 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 aprel 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2021-ci il buraxılışı “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4737 (dörd min yeddi yüz otuz yeddi) manat müəyyən edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(006)-46/2025 saylı qətnaməsinin surətindən görünür ki, “AZƏRMAŞ" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı "lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddiası təmin edilərək, “AZƏRMAŞ" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı arasında bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4067 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, cavabdeh İddiaçı 10 iyul 2021ci il tarixli, MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 481,41 (dörd yüz səksən bir manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 131,79 (yüz otuz bir manat yetmiş doqquz qəpik) gecikdirilmiş mükafat, 4537 (dörd min beş yüz otuz yeddi) manat lizinq obyekti olan avtomobilə dəymiş zərər, ümumilikdə 5150.20 (beş min yüz əlli manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsindən irəli gələn öhdəlik münasibətləri üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh Təhməzov Daşqın Seyidhüseyin oğlu iddiaçının bacısı Əhədova Nəzakət Əlihüseyin qızının oğludur. 31 yanvar 2022-ci il tarixdə Hüseynov Namik Nafik oğlu, iddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında MAS-4067 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 10 iyul 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri iddiaçı öz üzərinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh olaraq İddiaçı qarşı "borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 08 iyul 2024-cü il tarixli 2(006)-176/2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MAS-4067 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 mart 2023-cü il tarixə 481.41 (dörd yüz səksən bir manat qırx bir qəpik) manat gecikdirilmiş əsas, 131,79 (yüz otuz bir manat yetmiş doqquz qəpik) manat gecikdirilmiş mükafat, 4737 (dörd min yeddi yüz otuz yeddi ) manat avtomobilə dəyumiş zərər, ümumilikdə 5350,2 (beş min üç yüz əlli manat iyirmi qəpik) manat pulun “Azərmaş Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh məhkəmənin 11 iyun 2025-ci il tarixli hazırlıq iclasında “Whatsapp” tətbiqi vasitəsilə vasitəsi ilə izahat verərək iddiaçıya ziyan vurduğunu etiraf etmiş və iddia tələbi üzrə vurulmuş zərərin məbləğini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı zərərin vurulması faktını etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktı etiraf etməsi qəbul olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsaslandığı ziyanın vurulması halını sübut etmiş, cavabdeh isə bu tələbə qarşı etiraz etməyərək, iddia tələbini qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, irəli sürülmüş tələb üzrə Cavabdeh tərəfindən İddiaçı qızlna 2350 (iki min üç yüz əlli) manat ödəniş etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi qismənn təmin edilməli, Cavabdeh 3551.66 (üç min beş yüz əlli bir manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 3551.66 (üç min beş yüz əlli bir manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar