Məhkəmə qərarları › İş №e-2(022)-797/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-797/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-797/2025 12.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə ödənilməmiş əsas borc qismində 715 manat 61 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 manat 44 qəpik, cərimə qismində 32 manat 56 qəpik, cəmi 870 manat 61 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 aprel 2025-ci il tarixdə «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 22 aprel 2022-ci il tarixli, 2817nkSLYb/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 715 manat 61 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 manat 44 qəpik, cərimə qismində 32 manat 56 qəpik, cəmi 870 manat 61 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 10 aprel 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta»nın 16.1-ci maddəsindən görünür ki, Bank müştəriyə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Mülki iş materiallarına əlavə edilmiş 20 iyun 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin rəsmi internet saytında (https://unibank.az) yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta”nın bütün şərtləri ilə tanış olduğunu və razı olduğunu, həmçinin ona ayırılacaq kredit xətti limitinin bankın mülahizəsinə görə azaldılması və artırılmasına razılıq vermişdir. İşdə olan SMS bildiriş mətnlərin çıxarışının surətindən görünür ki, Cavabdeh məxsus 070 246 82 46 GSM nömrəli mobil telefona «X1» açıq səhmdar cəmiyyəti tərəfindən “Ucard kredit xettinin limiti artırılaraq 1.000 AZN edildi.” məzmununda mesaj göndərilmiş və həmin miqdarda vəsait 25 iyun 2023-cü il tarixdə cavabdehin kartına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 16 yanvar 2025-ci il tarixdə «X1» açıq səhmdar cəmiyyəti cavabdehin 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə 16 yanvar 2025-ci il tarixə əsas borc qismində 715 manat 61 qəpik, faiz borcu qismində 86 manat 26 qəpik və cərimə qismində 16 manat 48 qəpik, cəmi 818 manat 35 qəpik məbləğində borcu yarandığına görə həmin kredit müqaviləsinin ləğv edilməsini və bütün borc məbləğinin tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. Mülki iş materiallarında olan «X1» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə borca dair maliyyə arayışının surətindən isə görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 715 manat 61 qəpik, 10 aprel 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 122 manat 44 qəpik və cərimə qismində 32 manat 56 qəpik, cəmi 870 manat 61 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə «X1» açıq səhmdar cəmiyyətinə olan borcu “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 16 yanvar 2025-ci il tarixə əsas borc qismində 715 manat 61 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 26 qəpik və cərimə qismində 16 manat 48 qəpik, cəmi 818 manat 35 qəpik, məhkəmədə iddia qaldırıldığı 11 mart 2025-ci il tarixə isə əsas borc qismində 715 manat 61 qəpik, ödənilməmiş faiz borcu qismində 122 manat 44 qəpik və cərimə qismində 32 manat 56 qəpik, cəmi 870 manat 61 qəpik məbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə maliyyə arayışında göstərilmiş10 aprel 2025-ci il tarixə əsas borc qismində 715 manat 61 qəpik, ödənilməmiş faiz borcu qismində 122 manat 44 qəpik və cərimə qismində 32 manat 56 qəpik məbləğində pul vəsaiti tələb etdiyi halda, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən 10 aprel 2025ci il tarixə borc faizi qismində hesabladığı və tələb etdiyi məbləğ, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 16 yanvar 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 715 manat 61 qəpik, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 16 yanvar 2025-ci il tarixə əsas borc qismində hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 26 qəpik və cərimə qismində 16 manat 48 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 1 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 29 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin xeyrinə 28 dekabr 2021-ci il tarixli, 01/U21 saylı “Bank xidmətlərinə dair Ümumi Oferta» üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 715 (yeddi yüz on beş) manat 61 (altmış bir) qəpik, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi tarixə - 16 yanvar 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 (səksən altı) manat 26 (iyirmi altı) qəpik, cərimə qismində 16 (on altı) manat 48 (qırx səkkiz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 (iyirmi doqquz) manat 40 (qırx) qəpik, cəmi 847 (səkkiz yüz qırx yeddi) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1» açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar