Məhkəmə qərarları › İş №e-2(022)-802/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-802/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-802/2023 23.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.609 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 8 manat 71 qəpik, cəmi 1.618 manat 11 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 19 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 02 iyun 2023-cü il tarixdə «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.609 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 8 manat 71 qəpik, cəmi 1.618 manat 11 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 19 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 02 iyun 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun və bu müqavilə imzalanan tarixə 1.938 manat qalıq məbləğinin illik 1% faiz dərəcəsi olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İşdə olan 26 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşdə olan «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına borcu əsas borc qismində 1.609 manat 40 qəpik, 23 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 8 manat 71 qəpik məbləğində təşkil edir. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, həmin kredit (restrukturizasiya) müqaviləsi üzrə sonuncu ödəniş tarixi 26 dekabr 2024-cü ildir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatına 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə əsas borc qismində 1.609 manat 40 qəpik, 23 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 8 manat 71 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.609 manat 40 qəpik, 23 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 8 manat 71 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat 19 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 «Finca Azerbaijan» məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatının xeyrinə 26 dekabr 2019-cu il tarixli, **********0903 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.609 (bir min altı yüz doqquz) manat 40 (qırx) qəpik, 23 may 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 8 (səkkiz) manat 71 (yetmiş bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 19 (on doqquz) qəpik, cəmi 1.654 (bir min altı yüz əlli dörd) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar