Məhkəmə qərarları › İş №e-2(022)-832/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-832/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-832/2023 06.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 19 avqust 2022-ci il tarixli, 1046sLKNb/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 46 qəpik, cərimə qismində 10 manat 75 qəpik, komisyon haqqı qismində 10 manat, cəmi 1.226 manat 21 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 67 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 12 iyun 2023-cü il tarixdə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 19 avqust 2022-ci il tarixli, 1046sLKNb/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 46 qəpik, cərimə qismində 10 manat 75 qəpik, komisyon haqqı qismində 10 manat, cəmi 1.226 manat 21 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 67 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 12 iyun 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 19 avqust 2022-ci il ərizəsinin surətindən görünür ki, Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə tanış olduğunu təsdiq (aksept) edərək, ərizə ilə «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ona kredit verilməsinə görə müraciət etmişdir. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh onun ərizəsi əsasında 1.000 manat məbləğində nağd kredit kredit limiti ayrılmış və həmin pul vəsaiti Cavabdeh ödəniş kartına köçürülmüşdür. İşdə olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli, 1046sLKNb/22 saylı kredit müqaviləsi üzrə borca dair maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 1.000 manat, 09 iyun 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 46 qəpik, cərimə qismində 2 manat 75 qəpik və komisyon haqqı qismində 10 manat məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə əsas borc qismində 1.000 manat, 09 iyun 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 46 qəpik, cərimə qismində 2 manat 75 qəpik və komisyon haqqı qismində 10 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 19 avqust 2022-ci il tarixli, 1046sLKNb/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.000 manat, 09 iyun 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 46 qəpik, cərimə qismində 2 manat 75 qəpik və komisyon haqqı qismində 10 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 67 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 19 avqust 2022-ci il tarixli, 1046sLKNb/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 (bir min) manat, 09 iyun 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 (iki yüz on üç) manat 46 (qırx altı) qəpik, cərimə qismində 2 (iki) manat 75 (yetmiş beş) qəpik, komisyon haqqı qismində 10 (on) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat 67 (altmış yeddi) qəpik, cəmi 1.258 (bir min iki yüz əlli səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar