Məhkəmə qərarları › İş №e-2(022)-88/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-88/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-88/2024 18.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 14 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.418 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 manat 10 qəpik, cərimə qismində 85 manat 35 qəpik, cəmi 5.613 manat 65 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 54 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 14 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.418 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 manat 10 qəpik, cərimə qismində 85 manat 35 qəpik, cəmi 5.613 manat 65 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 54 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X1» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 14 oktyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, «X1» açıq səhmdar cəmiyyətinin www.unibank.az adlı rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və həmin ofertanın şərtləri ilə razı olduğunu bildirmişdir. “Bank xidmətlərinə dair ümumi oferta”nın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehin cari hesabına 14 oktyabr 2023-cü il tarixdə istehlak məqsədləri üçün 13 oktyabr 2025-ci il tarixinədək qaytarmaq və illik 27,5 faiz ödəmək şərti ilə 4.500 manat məbləğində nağd kredit vəsaiti (komissiya 0 manat, aylıq ödəniş hər ayın 4-ü 185 manat) köçürülmüşdür (kredit № 22429nkNFTb/22). Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. “Bank xidmətlərinə dair ümumi oferta”nın 20.9-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edə bilər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «X1» açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 4.418 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 manat 10 qəpik, cərimə qismində 85 manat 35 qəpik, cəmi 5.613 manat 65 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 54 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev 21 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi ofertadan” və həmin Ofertanın qəbul edilməsiinə dair 14 oktyabr 2022-ci il tarixli ərizə-anketin surətindən görünür ki, Cavabdeh “X1» açıq səhmdar cəmiyyətinin www.unibank.az adlı rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu (aksept etdiyini) təsdiq etmişdir. Həmin ofertanın 19.1-ci bəndinə əsasən borcverən SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddətdə, faktiki illik fazi dərəcəsində və məbləğdə müştəriyə kredit verir və həmin kreditin illik faiz dərəcəsi minimum 16 faiz, maksimum 40 faiz təşkil edir. Müştəri bankda qeydiyyatda olan mobil telefon nömrəsindən ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini SMS vasitəsilə borcverənin elan edilmiş əlaqə vasitələrinə göndərir. Bundan sonra borcverən müştərinin mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, habelə əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, müştərinin razılığını ifadə etmək üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif SMS-i göndərir. Müştərinin həmin SMS-ə cavab olaraq, öz mobil telefon nömrəsindən borcverənin qısa telefon nömrəsinə onun razılığını bildirəmn məzmunda SMS yazıb göndərməsi kredit məbləğinin müştərinin cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və borcverən həmin SMS-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit vəsaitini müştərinin cari hesabına köçürür. Mülki işdə olan SMS mətinlərin və Cavabdeh məxsus bank hesabından çıxarışın surətindən görünür ki, “X1» açıq səhmdar cəmiyyəti tərəfindən 14 oktyabr 2022-ci il tarixdə Cavabdeh istifadəsində olan +705551445 GSM nömrəsinə “Sizə 13 oktyabr 2025vi il tarixədək, illik 27,5 faiz dərəcəsi ilə 4.500 AZN ( komissiya 0 AZN, aylıq ödəniş 185 AZN) kredit verməyi və “Ucard” kartınıza illik 29%-lə, 500 AZN-lik kredit xətti açmağı təklif edirik. Təsdiqləmək üçün YES yazıb, 8117 qısa nömrəsinə göndərin.” məzmununda SMS göndərmiş, Cavabdeh 14 oktyabr 2022-ci il tarixdə “YES” yazaraq, “X1» açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmiş və 4.500 manat məbləğində kredit vəsaiti Cavabdeh bank kartı hesabna köçürülmüşdür. İşdə olan «X1» açıq səhmdar cəmiyyətinin 18 oktyabr 2023-cü il tarixli, UB- Bank/PİKMD/1139829 saylı arayışından görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 22429nkNFTb/22 saylı kredit müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 4.418 manat 20 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.110 manat 10 qəpik, cərimə qismində 85 manat 35 qəpik, cəmi 5.613 manat 65 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X1» açıq səhmdar cəmiyəti ilə 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 14 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 4.418 manat 20 qəpik, 18 oktyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.110 manat 10 qəpik, cərimə qismində 85 manat 35 qəpik, cəmi 5.613 manat 65 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 14 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 4.418 manat 20 qəpik, 18 oktyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.110 manat 10 qəpik, cərimə qismində 85 manat 35 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 manat 54 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 29 dekabr 2021-ci il tarixli, 01U/21 saylı “Bank xidmətlərinə dair ümumi oferta” çərçivəsində bağlanmış 14 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.418 (dörd min dörd yüz on səkkiz) manat 20 (iyirmi) qəpik, 18 oktyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 (bir min bir yüz on) manat 10 (on) qəpik, cərimə qismində 85 (səksən beş) manat 35 (otuz beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat 54 (əlli dörd) qəpik, cəmi 5.690 (beş min altı yüz doxsan) manat 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar