Məhkəmə qərarları › İş №e-2(022)-997/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-997/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-997/2025 17.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qəribov Azər Elman oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qəribov Azər Elman oğlu arasında bağlanmış 26 may 2022-ci il tarixli, 346275-1-35553 saylı kredit müqaviləsinə əsasən ona illik 28.90 dərəcəsi ilə 60 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh Qəribov Azər Elman oğlu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı bank “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh Qəribov Azər Elman oğlu həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Qəribov Azər Elman oğlu kredit öhdəliklərini 26 noyabr 2024-cü il tarixdən icra etməmiş və nəticədə 11 aprel 2025-ci il tarixə "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 3203.23 (üç min iki yüz üç manat iyirmi üç qəpik) manat əsas, 395.30 (üç yüz doxsan beş manat otuz qəpik) faiz, 273.90 (iki yüz yetmiş üç manat doxsan qəpik) cərimə olmaqla, cəmi 3872.43 (üç min səkkiz yüz yetmiş iki manat sıfır altı qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh Qəribov Azər Elman oğlundan iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3203.23 (üç min iki yüz üç manat iyirmi üç qəpik) manat əsas, 395.30 (üç yüz doxsan beş manat otuz qəpik) faiz, 273.90 (iki yüz yetmiş üç manat doxsan qəpik) cərimə olmaqla, cəmi 3872.43 (üç min səkkiz yüz yetmiş iki manat sıfır altı qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 58,72 (əlli səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh Qəribov Azər Elman oğlu "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 26 may 2022-ci il tarixli, 346275-1-35553 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh Qəribov Azər Elman oğlu illik 28.90 hesablanması şərti il 60 ay müddətinə 5000 (beş min) manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 26 may 2022-ci il tarixli, 346275-1-35553 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit 60 ay müddətinə aylıq 124.43 (yüz iyirmi dörd manat qırx üç qəpik) manat, (sonuncu ay 3.38 (üç manat otuz səkkiz qəpik) manat) olmaqla müəyyən edilmişdir. Pretenziya və onun göndərilməsinə dair 14 aprel 2025-ci il tarixli, 766 nömrəli reyestrdən çıxarışdan görünür ki, cavabdeh Qəribov Azər Elman oğluna banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 11 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Qəribov Azər Elman oğlunun 11 aprel 2025-ci il tarixinə "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 3203.23 (üç min iki yüz üç manat iyirmi üç qəpik) manat əsas, 395.30 (üç yüz doxsan beş manat otuz qəpik) faiz, 273.90 (iki yüz yetmiş üç manat doxsan qəpik) cərimə olmaqla, cəmi: 3872.43 (üç min səkkiz yüz yetmiş iki manat sıfır altı qəpik) manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya) 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30.40 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qəribov Azər Elman oğlu arasında bağlanmış 26 may 2022-ci il tarixli, 346275-1-35553 saylı kredit müqaviləsinə əsasən ona illik 28.90 dərəcəsi ilə 60 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 200 (iki yüz) manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Qəribov Azər Elman oğlunun müqavilə üzrə 3203.23 (üç min iki yüz üç manat iyirmi üç qəpik) manat əsas, 395.30 (üç yüz doxsan beş manat otuz qəpik) faiz, 200 (iki yüz 0) cərimə olmaqla, cəmi 3798.53 (üç min yeddi yüz doxsan səkkiz manat əlli üç qəpik) manat borc pul məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,72 (əlli səkkiz manat yetmiş iki qəpik )manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Qəribov Azər Elman oğlundan 3203.23 (üç min iki yüz üç manat iyirmi üç qəpik) manat əsas, 395.30 (üç yüz doxsan beş manat otuz qəpik) faiz, 200 (iki yüz 0) cərimə olmaqla, cəmi 3798.53 (üç min yeddi yüz doxsan səkkiz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Qəribov Azər Elman oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar