Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1084/2025 08.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli DKM/015N05A02765123 №-li Kredit müqaviləsi üzrə borc məbləğinin vərəsələrdən tutulması haqqında tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum Nəsibov Hikmət Fikrət oğlunun mirası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/015N05A02765123№-li Kredit müqaviləsi üzrə borc alan Nəsibov Hikmət Fikrət oğlunun iddiaçı ASC "xxxx" Bankı qarşısında 6583,35 (altı min beş yüz səksən üç manat 35 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu və xx.xx.2024-cü il tarixinədək kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 110,57 manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 6693,92 manat məbləğində pul vəsaiticavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (kreditor) ASC "xxxx" Bankı (bundan sonra ”Bank” adlandırılacaq) ilə Nəsibov Hikmət Fikrət oğlu (Borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/015N05A02765123 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 36 (otuzaltı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsişərtilə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh H.F.Nəsibov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan H.F.Nəsibov xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödənilməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-cü il tarixinə H.F.Nəsibovun Kreditor qarşısında gecikdirilmiş borcu 6693,92 manat təşkil edir ki, bunun da 6583,35 manat vaxtı keçmiş əsas borcdan, 110,57 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % (beş faiz) dərəcəsi ilə penya da ödəməli idi. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə qədər 6 (altı) ay müddətinə Borc alanın xeyrinə dayandırılmışdır. H.F.Nəsibovun vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi vaxtı keçmiş əsas borcun məbləği6583,35 manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2025-ci il tarixinə tələblərinin ümumiməbləği isə 6693,92 manat təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, Borc alan H.F.Nəsibov xx.xx.2024cü il tarixində vəfat etmişdir. Bu hal Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 433691 nömrəli Ölüm haqqında Şəhadətnamə ilə təsdiq edilir. Borc alan H.F.Nəsibovun vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra mərhumun mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağstafa rayon Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı Bank tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sisteminə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhumNəsibov Hikmət Fikrət oğlununmirasına dair arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 xx.xx.2024-cü il tarixdə8V-299 saylı reyestrlə vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi, mərhumdan qalan miras onun vərəsələri tərəfindən qəbuledilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2025-ci il tarixli, QZX-XO-9.4.2025-001 №-li Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməliaddım atılmamışdır. İddiaçı ilə borc alan H.F.Nəsibov arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddianı qəbul edir. Mərhum atası Nəsibov Hikmət Fikrət oğlu bankdan kredit götürmüşdür. Maddi imkanları olmadığından borcu ödəyə bilmir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddianı qəbul edir. Mərhum əri Nəsibov Hikmət Fikrət oğlu kredit pul götürmüşdur. Nəsibov Hikmət Fikrət oğlundan qalan mirası qəbul etmişlər. Maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Heç bir yerdə işləmir və himayəsində yetkinlik yaşına çatmayan uşaqlar vardır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan xx.xx.2023-cü il tarixli DKM/015N05A02765123 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" X1 Fikrət oğluna, 36 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Banknın maliyyə arayışından görünür ki, Nəsibov Hikmət Fikrət oğlunun Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına xx.xx.2023-cü il tarixli, DKM/015N05A02765123 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 6583,35 manat əsas borc, 110,57 manat faiz borcu olmaqla cəmi 6693,92 manat məbləğində borcu var. İşdə olan AZ-İİ seriyalı, 433691 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsibov Hikmət Fikrət oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 793 nömrəli məktubunun surətindən görünür ki, Nəsibov Hikmət Fikrət oğlundan arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 və Ağstafa rayonu, A.Göycəli kədində qeydiyyatda olan oğluna xx.xx.2024-cü il tarixdə 8V-299 saylı reyestrlə vərəsəlik işi acılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Beləliklə, işdə olan sübutlarla Nəsibov Hikmət Fikrət oğlunun Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2023-cü il tarixli, DKM/015N05A02765123 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 6583,35 manat əsas borc, 110,57 manat faiz borcu olmaqla cəmi 6693,92 manat borcunun olduğu, Nəsibov Hikmət Fikrət oğlunun ölümündən sonra həmin şəxsə məxsus əmlakın cavabdehlər tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. «Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-900/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındada kassasiya instansiyasi məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Nəsibov Hikmət Fikrət oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdehlər mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, DKM/015N05A02765123 saylı kredit müqaviləsinə əsasən 6583,35 manat əsas borc, 110,57 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 6693,92 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumuna ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 87 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə 6583,35 manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 110,57 manat məbləğində adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 6693,92 manat və ödənilmiş 87 manat dövlət rüsumu tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1084/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1084/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver