Məhkəmə qərarları › İş №e-2(023)-1174/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1174/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1174/2025 08.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə "xxxx" ASC Cavabdeh qarşı hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 146.36 AZN olmaqla, cəmi 146.36 AZN borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, CO0690717 nömrəli tam kart müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Kart Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CO0690717 saylı Tamkart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki müştəri xx.xx.2024-cü il tarixində hesabında 0.78 AZN olmasına baxmayaraq, xx.xx.2024cü il tarixində 10.19 AZN məxaric edərək hesabından 9.41 AZN artıq istifadə etmişdir. Daha sonra müştəri xx.xx.2024-cü il tarixində: 28,91 manat, 28,91 manat və 76,48 manat olmaqla hesabından məxariclər edərək ümumilikdə 143.71 AZN vəsaitdən artıq istifadə etmişdir. Cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 146.36 AZN borcu mövcüddür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, C00690717 saylı, xx.xx.2024-cü il tarixli Tam kart müqaviləsinə əsasən, Bank tərəfindən Sizə Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kartın verilməsi təmin edilmiş, qeyd olunan müqaviləyə əsasən təqdim edilmiş plastik kart vasitəsi ilə ona sistemdə baş vermiş xəta səbəbli ona aid olmayan 146.36 AZN vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etmiş və qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Qeyd olunan vəsaitin 3 günü ərzində karta mədaxil edilməsi xahiş olunmuşdur. Əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı Cavabdeh bildirilmişdir. İşdə olan sübutlarla Cavabdeh "xxxx" ASC-yə əsas varlanma nəticəsində ümumilikdə 146,36 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh istifadəsində olan "xxxx"açıq səhmdar cəmiyyətinə aid plastik karta sistemdə baş vermiş xətadan sui-istifadə edərək 146,36 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin pul vəsaiti Cavabdeh tərəfindən istifadə edilmişdir. Lakin Cavabdeh qeyd olunan pul vəsaitini "xxxx"açıq səhmdar cəmiyyətinə qaytarmalı olmasına baxmayaraq, onu "xxxx" açıq səhmdar cəmiyyətinə qaytarmamışdır. Bununla da Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin hesabına hüquqi əsas olmadan 146,36 manat məbləğində pul vəsaiti əldə etmişdir Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 146,36 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və 0,40 (qırx qəpik) manat xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar