Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1243/2024 22.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21698.33 manat məbləğində kredit borcu, 3377.89 manat məbləğində faiz borcu və 1097.5 manat məbləğində cərimə olmaqla, cəmi 26173 (iyirmi altı min bir yüz yetmiş üç manat 72 qəpik) manat məbləğində borcun və ödənilmiş 168.52 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 oğlu İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən X5 oğluna aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 manat məbləğində kredit götürmüşdür. O, müqavilənin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, müqavilə üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1301,67 manat ödəniş etmiş və onun iddiaçıya 21698,33 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 270 gün üçün hesablanmış faiz borcu 3377,89 manat təşkil edir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 270 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1097,05.46 manat təşkil edir. Kredit müqaviləsinin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv vermək və qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Hazırda borclu X5 oğlunun vəfat etdiyi, vərəsəlik işinin açıldığı və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh X5 oğlunun vərəsəsi olduğu müəyyən olunmuşdur. X5 oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Qeyd olunanlara əsasən Cavabdeh 21698.33 manat kredit borcu, 3377.89 manat faiz borcu və 1097.5 manat cərimə olmaqla, cəmi 26173 (iyirmi altı min bir yüz yetmiş üç manat 72 qəpik) manat borcun və ödənilmiş 168.52 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, qeyd olunan krediti mərhum əri Vüqar Musayev götürdükdən sonra onun tanımadığı dostuna vermişdir. X2 İddiaçı QSC-dən kredit götürdüyünü bilmişdir. Lakin həmin kredit pulu onun ailəsinə xərclənməmişdir. Onun mərhum əri Vüqar Musayev dənizdə işləmişdir, onun ölümündən sonra iş yerindən ona 5000 (beş min) manat pul verilərkən vərəsəlik açdırmışdır. Ondan başqa ərindən heç bir miras əmlak qalmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 oğlu tərəfindən İddiaçı QSC-nin Qazax filialına təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Musayev X3 internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Bank borcalana aylıq 1,6667 faiz dərəcəsi ilə 48 ay müddətinə, 23000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş kredit məbləğindən istifadə etməyi və kredit müqaviləsi üzrə aldığı kredit məbləğini, habelə kredit məbləğindən istifadəyə görə faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv vermək və qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 016A********** saylı kredit müqaviləsi üzrə X5 oğlunun xx.xx.2024-cü il tarixə 21698.33 manat məbləğində kredit borcu, 3377.89 manat məbləğində faiz borcu və 1097.5 manat məbləğində cərimə olmaqla, cəmi 26173 (iyirmi altı min bir yüz yetmiş üç manat 72 qəpik) manat məbləğində borcu vardır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu 16 aprel 2023-cü il tarixdə ölmüşdür. Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 719 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 oğlunun Qazax Rayon Notariat Ofisində vərəsəlik işi açılmış, arvadı Cavabdeh mərhumun vərəsəsi kimi tanınmış və ona xx.xx.2023-cü il tarixdə 2V-490 reyestrdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqnda şəhadətnamənin surətindən görünür ki, X5 oğlunun vərəsəsi Cavabdehdır. Qazax RMX PHŞ-nin arayışından görünür ki, Cavabdeh Qazax RMX PHŞ-nin Aşağı Əskipara kənd ASM bölməsində xadimə işləyir və aylıq əmək haqqı 148 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC-nin Qazax filialı ilə X5 oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Lakin, Vüqar Musayev müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Vüqar Musayev 16 aprel 2023-cü il tarixdə ölmüşdür. Vüqar Musayev öldükdən sonra hazırki iş üzrə cavabdeh onun arvadı – Cavabdeh mirasqoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə, hesab edir ki, iş üzrə cavabdeh X5 oğlu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Hazırki iş üzrə Cavabdeh X5 oğlunun qanun üzrə vərəsəsi olduğundan, hazırki vəziyyətdə Mülki Məcəllənin 1307-ci maddəsi baxımından sübutetmə yükü cavabdeh olan Cavabdeh üzərinə düşür. Lakin Cavabdeh miras qoyanın borcunun miras əmlakdan çox olduğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmin maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Lakin, iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1097.5 manat məbləğində dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1(bir) manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pul tələbi əsas borc və faiz hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin olunmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21698.33 manat məbləğində kredit borcu, 3377.89 manat məbləğində faiz borcu və 1 (bir) manat məbləğində cərimə olmaqla, cəmi 25077,22 (iyirmi beş min yetmiş yeddi manat 22 qəpik) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdəın iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 168,52 manat dövlət rüsumunun 165,23 manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21698.33 manat məbləğində kredit borcu, 3377.89 manat məbləğində faiz borcu və 1 (bir) manat məbləğində cərimə olmaqla, cəmi 25077,22 (iyirmi beş min yetmiş yeddi manat 22 qəpik) manat məbləğində pul və 165,23 (yüz altmış beş manat iyirmi üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1243/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1243/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver