Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1251/2024 17.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutlması tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 14 aprel 2022-ci il tarixli, İK Q-166-S-BK/AZN-22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2757,85 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 30,83 manat, cərimə qismində 63,62 manat, cəmi 2852,30 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 48,53 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsalandırmışdır ki, TuranBank ASC-nin “Qazax” filialı ilə Carçalov Məhəmməd Rustam oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK Q166-S-BK/AZN-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 % olmaqla, 32 ay müddətinə 5,200 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh Carçalov Məhəmməd Rustam oğlunun xx.xx.2024-cü il tarixə TuranBank ASC-yə 2,757.85 manat əsas, 30.83 manat faiz, 63.62 manat cərimə borcu olmaqla, cəmi borcu 2,852.30 manat təşkil edir. Carçalov Məhəmməd Rustam oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Bankın filial vasitəsilə əldə etdikləri məlumata əsasən Cavabdeh borcalan Carçalov Məhəmməd Rustam oğlunun qanun üzrə vərəsəsidir. Bununla bağlı Qazax rayon notariat ofisinə müraciət edilmiş, lakin müraciətə tam cavab verilməmişdir. Ona görə də, 14 aprel 2022-ci il tarixli, İK-166-S-BK/AZN-22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2757,85 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 30,83 manat, cərimə qismində 63,62 manat, cəmi 2852,30 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 48,53 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, yoldaşının vəfatından sonra o vərəsəliyi qəbul etmişdir. Borcu ödəməyə maddi imkanı yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 aprel 2022-ci il tarixli, İK Q-166-S-BK/AZN-22 nömrəli kredit müqaviləsinin və müqaviləyə əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı ASC-nin «Qazax» filialı tərəfindən cavabdeh Carçalov Məhəmməd Rustam oğluna illik faiz dərəcəsi 18,7 % olmaqla, 32 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli xəzinə məxaric orderinin kserosurətindən görünür ki, Carçalov Məhəmməd Rustam oğlu İddiaçı ASC-nin «Qazax» filialından 5200 manat məbləğində nəğd pul vəsaitini almışdır. İşdə olan AZ-İİ seriyalı, 356257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Carçalov Məhəmməd Rustam oğlu 16 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 31 may 2024-cü il taixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 sentyabr 2023-cü il tarixdə ölmüş Carçalov Məhəmməd Rustam oğlunun vərəsəsi Cavabdehdır və o mirasdan tam hissədə pay almalıdır. Carçalov Məhəmməd Rustam oğlunun vərəsəsi 2841,66 manat dəfn üçün müavinət pulu və 493,78 manat əmək haqqından ibarətdir. İşdə olan İddiaçı ASC-nin 14 aprel 2022-ci il tarixli, İK Q-166-S-BK/AZN-22 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Carçalov Məhəmməd Rustam oğlu ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Carçalov Məhəmməd Rustam oğlunun borcu əsas borc qismində 2757,85 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 30,83 manat, cərimə qismində 63,62 manat, cəmi 2852,30 manat məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Carçalov Məhəmməd Rustam oğlunun İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 2757,85 manat, 25 iyun 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 30,83 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyənləşdirən xx.xx.2024 il tarixli, 2(102)-900/2024 nömrəli qərarından görünür ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Çünki Cavabdeh mirasdan imtina etməmişdir. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Carçalov Məhəmməd Rustam oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 63,62 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 14 aprel 2022-ci il tarixli, İK Q-166-S-BK/AZN-22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2757,85 manat, 25 iyun 2024cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 30,83 manat, cərimə qismində 1 manat, cəmi 2789,68 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 47,89 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə ödənilməmiş əsas borcun əvəzi qismində 2757,85 manat, faiz borcu qismində 30,83 manat, cərimə qismində 1 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47,89 manat, cəmi 2837 (iki min səkkiz yüz otuz yeddi) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Turanbank» ASC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1251/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1251/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver