Məhkəmə qərarları › İş №e-2(023)-1256/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1256/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1256/2023 01.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə İsə oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 01 dekabr 2023-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 dekabr 2021-ci il tarixdə Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə, Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. 03 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən o, 10000 (on min) manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq qeyd olunan borcu əsassız olaraq geri qaytarmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddianı müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı şərab zavodunun hüquqşünasıdır. Həmin zavoddan razılaşma əsasında nisyə şərab götürmüşdür. Həmin vaxt ilkin ödəniş olaraq 5000 manat depozitə pul qoymuşdur. Qalan məbləğə görə isə 03 dekabr 2021-ci il tarixdə Notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsi üzrə borcunu 2022-ci ilin yanvar ayından başlayaraq İddiaçı göndərdiyi kart hesabına göndərmişdir. Hazırda o müqavilə üzrə olan borcunu artıqlaması ilə ödəmişdir. Belə ki, o iddiaçıya ümumilikdə 13.325 manat ödəniş etmişdir. Ödədiyi pullarla bağlı qəbzlərini məhkəməyə təqdim edir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03 dekabr 2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisndə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh 10000 manat məbləğində pul borc vermişdir. Cavabdeh bankda açılan depozit hesabı vasitəsi ilə xx.xx.2022 tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məxsus karta xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 13.325 manat mədaxil olunub. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 03 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı 10000 (on min) manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyini qeyd edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləri ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, borc müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında borclar verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MMnin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Beləliklə, işin müəyyən olunmuş halları ilə məhkəmə yekun nəticəyə gələrək qeyd edir ki, İddiaçı cavabdehin ona 10000 (on min) manat borcunun olmasını qeyd etsə də, cavabdeh məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə kredit müqaviləsi üzrə cavabdehə olan borcunu tam ödədiyini sübuta yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar