Məhkəmə qərarları › İş №e-2(023)-1312/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1312/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1312/2023 17.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 17 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 054-ist/22 saylı kredit müqaviləsi üzrə 5716,51 manat əsas, 670,96 manat faiz, 725,62 manat cərimə, cəmi 7113,09 manat borcun və ödənilmiş 91,14 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ASC-nin Tovuz filialı ilə xx.xx.2022-ci il tarixdə bağladığı İK 054-ist/22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 faiz olmaqla 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, İK 054-ist/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulması nəticəsində xx.xx.2023-cü il tarixə banka 5716,51 manat əsas, 670,96 manat faiz, 725,62 manat cərimə, cəmi 7113,09 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 bağladığı xx.xx.2022-ci il tarixli, İK 054-ist/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 Filkrət qızı və onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Hazırda müqavilə üzrə banka 5716,51 manat əsas, 670,96 manat faiz, 725,62 manat cərimə borcu hesablanmışdır. Lakin hesablanmış cərimə borcunu qəbul etmir. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Filkrət qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 054-ist/22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 23 faiz hesablanmaqla 8000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 (zaminlər) arasında xx.xx.2022-ci il tarixli, İK 054-ist/22 saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. 02 fevral 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki Cavabdeh1 8000 manat pulu imza etməklə qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı pretenbziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş faizlərin ödənilməsini iki dəfədən artıq ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 725,62 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 054-ist/22 saylı kredit müqaviləsi üzrə 5716,51 manat əsas, 670,96 manat faiz, 50 manat cərimə, cəmi 6437,47 (altı min dörd yüz otuz yeddi manat qırx yeddi qəpik) manat pul cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 Filkrət qızı və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, İK 054ist/22 saylı kredit müqaviləsi üzrə 5716,51 manat əsas, 670,96 manat faiz, 50 manat cərimə, cəmi 6437,47 (altı min dörd yüz otuz yeddi manat qırx yeddi qəpik) manat borc və ödənilmiş 91,14 (doxsan bir manat on dörd qəpik) manat dövlət rüsumu birgə qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar