Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1322/2023 13.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki işə 13 noyabr 2023cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov Elşad İdris oğlunun vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə 2317,73 manat əsas, 60,34 manat faiz borcu olmaqla, ümumilikdə 2378,07 manat borcun və ödənilmiş 43,79 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Məmmədov Elşad İdris oğlu arasında xx.xx.2019-cu il tarixli 127 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Məmmədov Elşad İdris oğluna illik 1%-İə 60 ay müddətinə 2340,42 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Məmmədov Elşad İdris oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qazax Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 284 saylı cavab məktubundan görünür ki, Məmmədov Elşad İdris oğlundan qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Məmmədov Elşad İdris oğlunun Banka ödənilməmiş 2317,73 manat əsas, 60,34 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum Məmmədov Elşad İdris oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və verdiyi izahatında göstərmişdir ki, həqiqətən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən Məmmədov Elşad İdris oğluna kredit verilmişdir. Məmmədov Elşad İdris oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Elşad Məmmədovdan qalmış mirası o qəbul etmişdir. Maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Borcunu hissə-hissə ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Məmmədov Elşad İdris oğlu arasında xx.xx.2019-cu il tarixli 127 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2340,42 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Məmmədov Elşad İdris oğlunun xx.xx.2019-cu il tarixli 127 nömrəli kredit müqaviləsi üzrə 2317,73 manat əsas, 60,34 manat faiz borcu təşkil edir. Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 284 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Məmmədov Elşad İdris oğluna Qazax Rayon Notariat Ofisində xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, arvadi Cavabdeh Məmmədov Elşad İdris oğlunun vərəsəsi kimi tanınmış və ona 2V-81 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum Məmmədov Elşad İdris oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Lakin, Elşad Məmmədov müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 2378,07 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Elşad Məmmədov xx.xx.2020-ci il tarixdə ölmüşdür. Elşad Məmmədov öldükdən sonra hazırki iş üzrə cavabdeh onun arvadı – Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Məmmədov Elşad İdris oğlunun ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsəsi arvadı – Cavabdeh qəbul etdiyindən, cavabdeh mərhumun öhdəliklərinə görə cavabdehlik daşıyır. Odur ki, iddia təmin edilməli, 2317,73 manat əsas, 60,34 manat faiz borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2317,73 manat əsas, 60,34 manat faiz borcu olmaqla, ümumilikdə 2378,07 (iki min üç yüz yetmiş səkkiz yeddi qəpik) manat, 43,79 (qırx üç manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1322/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1322/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver