Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1457/2024 26.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 26 noyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 22 manat 20 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 152 manat 60 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011 -ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. 51 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2014cü il tarixdən cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixdə 20 manat 40 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TVİ” kabel televiziyasının əməkdaşları Radio və Yüksək Texnologiyalar Nazirliyinin texniki işçisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 4005 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2015-ci il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş , bu barədə müvafiq olaraq 4418 N saylı akt tərtib edilmişdir. Beləliklə də, qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2015-ci il tarixdən sonuncu qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2015-ci il tarixədək olan müddət 74 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik qəpik maddi ziyan hesablamaq şərtilə iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 22 manat 20 qəpik təşkil edir. Bundan əlavə İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin məhkəməyə daxil olmuş ərizəsində işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı "AG TELEKOM” MMC Qazax rayon Məhkəməsində ona qarşı iddia ərizəsi ilə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən mənzil ona məxsusdur. Halbuki iddiaçı iddia ərizəsinin 5-ci abzasında qeyd edir ki, "...xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan X1 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "K@Tv" xidmələrinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixdə 20 manat 40 qəpik borc ilə şəbəkədən ayrılmışdır." Buradan görünür ki, iddiaçı ilə həmin ünvanda yaşayan X1 ilə müqavilə bağlanmış, bu müqavilədən irəli gələn borc yaranmışdır. İddiaçı müqavilə tərəfi olan şəxsdən borcunu tələb etmək əvəzinə, qanunsuz olaraq ona qarşı iddia qaldırmış və yanlış cavabdeh seçmişdir. Eyni zamanda Mülki Məcəllənin 373.2ci maddəsinin tələbinə görə, müqavilə öhdəlikəri üzrə iddia müddəti 3 il təşkil edir. Ona görə də bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək, iddia müddətini tətbiq etməklə iddiadan imtina etmək barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 4005 N nömrəli İddiaçı «K@TV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən görünür ki, İddiaçı və "xxxx" hüquq firmasının əməkdaşlarının iştirakı ilə xx.xx.2015-ci il tarixdə Nəsimi rayonu, Cavadxan 40 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 105 nömrəli mənzilinin «K@TV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdir. Əməkdaşlar həmin mənzilin qapısını döymüş, qapını açan olmamışdır. Buna görə də əməkdaşlar aktı və bildirişi qapının arxasına qoymalı olmuşlar. xx.xx.2015-ci il tarixli, 4418 N nömrəli İddiaçı «K@TV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən görünür ki, İddiaçı və "xxxx" hüquq firmasının əməkdaşlarının iştirakı ilə xx.xx.2015-ci il tarixdə Nəsimi rayonu, Cavadxan 40 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 105 nömrəli mənzilinin «K@TV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdir. Əməkdaşlar həmin mənzilin qapısını döymüş, qapını açan xanım mənzildə qonaq olduğunu, suallara cavab verə bilməyəcəyini bildirmişdir. Binaya baxış keçirən zaman mənzil 105-in söndürülmüş abunəçisi olduğu halda, KATV-nin şəbəkəsinə qanunsuz qoşulduğu, şəbəkədən çıxan kabel boru vasitəsi ilə yuxarı qalxır, borudan çıxan kabel blokun pəncərəsindən binanın ön hissəsinə çıxır. Divarnan gedən kabel mənzilin balkonundan mənzilə daxil olduğu müəyyən olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı ilə ünvan 5 ünvanında yaşayan X1 arasında bağlanmış «K@TV1» kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixində həmin ünvan «K@TV1» kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2015-ci il tarixində isə son ödənişini etmişdir. xx.xx.2015-ci il tarixdə 20 manat 40 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2019-cu il tarixli, 390 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh 2-ci mk.r Cavadxan küçəsi ev 40, mənzil 105 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh tərəfindən İddiaçı MMC-nə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində Bakı şəhəri, 2 mk.r Cavadxan küçəsi 40 saylı evin 105 saylı mənzilin Cavabdeh mülkiyyətində olduğu, həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan mənzilin «K@TV1» xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulduğu, son ödəmənin xx.xx.2015-ci il tarixinədək edildiyi və xx.xx.2015-ci il tarixdə 20 manat 40 qəpik məbləğində borc ilə şəbəkədən ayrıldığı göstərilmişdir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında hər hansı müqavilə bağlanmamış, Cavabdeh ilə hər hansı xidmətin göstərilməsi üçün bu və ya digər qaydada İddiaçı MMC ilə razılıq əldə edilməmiş və Bakı şəhəri, 2 mk.r Cavadxan küçəsi 40 saylı evin 105 saylı mənzilin kabel şəbəkəsinə qoşulması üçün bütün razılaşmalar başqa şəxslə əldə olunmuşdur. Digər tərəfdən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli 4418 nömrəli aktda şəbəkəyə qoşulmaq üçün yalnız hansısa kabelin Bakı şəhəri, 2 mk.r Cavadxan küçəsi 40 saylı evin 105 saylı mənzilə daxil olduğu göstərilmiş, lakin həmin mənzildə kabel şəbəkəsindən istifadə edilib-edilmədiyinə, istifadə edilirsə, məhz Cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, İddiaçı MMC Cavabdeh həmin mənzildə yaşaması və Cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki iddiası Cavabdeh münasibətdə əsassızdır. Məhkəmə, iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul” tələbinə dair hissəsinə qiuymət verərək hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, İddiaçı MMC hüquqi xidmətlərin göstərilməsinə dair "xxxx" MMC ilə müqavilə bağladığını qeyd etsə də, iş materiallarına əlavə edilmiş müqavilənin surətindən görünür ki, qeyd edilən müqavilə 29 mart 2015-ci il tarixdən 29 mart 2020-ci il tarixə qədər 5 il müddətinə bağlanmışdır və həmin müqavilənin müddəti 29 mart 2020-ci il tarixdə bitmişdir. Məhkəmə, həmçinin Cavabdeh iddia müddətini tətbiq edilməsinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti müqavilə tələbləri üzrə tətbiq edilir. Tərəflər arasında hər hansı bir yazılı müqavilə olmadığından hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə tətbiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 100 (yüz) manat, 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqı iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1457/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1457/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver