Məhkəmə qərarları › İş №e-2(023)-1607/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1607/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1607/2024 27.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı xx.xx.2021ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3000 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 94,24 manat, cərimə qismində 0 manat, cəmi 3094,24 manat, 0.40 qəpik xidmət haqqının və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50,95 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 15 oktyabr 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsindən görünür ki, bank borcalana mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10.000 (on min) manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu oferta borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta müqaviləsi üzrə 18 sentyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə borcu əsas borc qismində 3.000 manat, 18 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 94,24 manat, cərimə qismində 0 manat, komisyon haqqı qismində 0 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdehnın "xxxx" Kommersiya Bankı ASC-yə borcu, əsas borc qismində 3.000 manat, 18 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 94,24 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 3000 manat, 18 sentyabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 94,24 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50,95 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 3000 manat, faiz borcunun əvəzi qismində 94,24 manat, 0.40 qəpik xidmət haqqı və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50,95 manat, cəmi 3145,59 (üç min yüz qırx beş manat 59 qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar