Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1670/2025 20.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 746 manat əsas, gecikdirilmiş aylar üzrə 150 manat gecikmə faiz borcu olmaqla, dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 926 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiacı- ABU-Life Group MMC cavabdeh- Cavabdeh1 və zamin- Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 061734 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən onlara məqsədli istifadə üçün ümumi dəyəri 2 999 (iki min doqquz yüz doxsan doqquz) manat olan Samsunq S24 “Ultura” Titanium Blask (S928B) markalı mobil telefon təhvil verilmişdir. Odur ki, 2 999 (iki min doqquz yüz doxsan doqquz) manat pulu 12 ay müddətinə ABU-Life OE Group MMC-nin xeyrinə ödəməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh- Cavabdeh1 və zamin- Cavabdeh2 bu müqavilə əsasında verilmiş borcu və ona hesablanmış faiz borcu ödəniş cədvəlinə əsasən mağazanın kassasına nəğd şəkildə, müqavilə üzrə müəyyən olunmuş müddət ərzində tam qaytarılmasını öhdələrinə götürmüşdülər. Nəticədə cavabdeh- Cavabdeh1 və zamin Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə 746 (yeddi yüz qırx altı) manat əsas, gecikdirilmiş aylar üzrə 150 (bir yüz əlli) manat gecikmə faiz borcu olmaqla, cəmi –896 (səkkiz yüz doxsan altı) manat borcları yaranmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməli olduqları həmin şəxslərə izah edilmişdir. Cavabdeh1 xx.xx.2025-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianı qəbul etmədiyini bildirmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1670/2025 saylı qərardadı ilə, ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi R.M.Salehov məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 061734 nömrəli pərakəndə alqısatqı müqaviləsinin surətindən görünür ki, ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 2999 manat S24 X2 (S928B) Cavabdeh1 “Ödəniş Cədvəlinə” uyğun olaraq hər ay 250 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli, 061734 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 061734 nömrəli müqavilədə üzrə əsas borc 746 manat, hesablanmış faiz borcu 150 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla cəmi 926 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcu könüllü ödəməsi barədə ABU-LİFE GROUP MMC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 etiraz ərizəsinin məzmunundan görünür ki, 746 manat əsas məbləğin üzərinə gəlmiş 150 manatın silinməsi barədə qərar qəbul edilməsini xahiş etmşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 622.3-cü maddəsinə əsasən. Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Onun iddiaçı qarşısında iddia tələbində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar alqı-satqı müqaviləsi üzrə alınmış malın dəyərinin qaytarılmasına görə zamin olduğundan, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə alınmış əşyanın dəyərinin qaytarılmasına görə zamin olduğundan, onlar, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdehlər Qasımova X1 Yeganə Nurəddin qızı ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, məhkəmə iddiaçının tələb etdiyi 150 manat gecikmə faiz borcu hissəsinə qiymət verərək, hesab edir ki, həmin məbləğ faiz borcu kimi yox, cərimə borcu kimi qiymətləndirilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, 061734 saylı müqavilənin 4.2-ci bəndinə əsasən alıcı vaxtında ödəniş etmədiyi hər günə görə aylıq ödənişin 4% dəbbə pulu ödəniləcək məbləğin üzərinə əlavə olunaraq alıcı tərəfindən ödənilir. Göründüyü ki, iddiaçı öhdəliyin icra edilməməmsinin nəticəsində cavabdehdən dəbbə (cərimə) hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə dəbbə (cərimə) dərəcəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 061734 nömrəli müqavilə üzrə 150 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə 746 manat əsas borc, 10 manat dəbbə borcu olmaqla, cəmi 756 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 746 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 756 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. ABU-LİFE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1670/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1670/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver