Məhkəmə qərarları › İş №e-2(023)-1870/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1870/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1870/2025 19.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 17 sentyabr 2024-cü il tarixli, 800804-264485/2 nömrəli istehlak krediti müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18913 manat 08 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1271 manat 99 qəpik, cəmi 20185 manat 07 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat 55 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2024-cü il tarixli, 800804-264485/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 16.5 faiz dərəcəsi ilə 21000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, iddiaçı banka olan borcunu ödəməmişdir. Cavabdeh 15 oktyabr 2025-ci il tarixinə kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 18913 manat 08 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1271 manat 99 qəpik olmaqla, 20185 manat 07 qəpik təşkil edir. Tərəflər arasında bağlanmış istehlak krediti müqaviləsinin şərtlərinə görə Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranması nəzərə tutulur. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, onun maddi imkanı yaxşı olmadığından götürdüyü krediti ödəyə bilməmişdir. Maddi imkanı zəifdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 17 sentyabr 2024-cü il tarixli, 800804-264485/2 nömrəli istehlak krediti müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 16.5% olmaqla, 48 ay müddətinə qaytarmaq şərti ilə, 21000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan, 17 sentyabr 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 21000 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 17 sentyabr 2024-cü il tarixli, 800804-264485/2 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 18913 manat 08 qəpik, və ödənilməmiş faiz borcu qismində 1271 manat 99 qəpik, cəmi 20185 manat 07 qəpik təşkil edir. Kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 17 sentyabr 2024-cü il tarixli, 800804-264485/2 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18913 manat 08 qəpik, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1014 manat 68 qəpik olmaqla, cəmi 19927 manat 76 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə, barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış istehlak krediti müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi tələb edilmiş, Cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Həmin Məcəllənin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə görə istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" ASC Cavabdeh ilə 17 sentyabr 2024-cü il tarixli, 800804-264485/2 nömrəli istehlak krediti müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh "xxxx" ASC-yə hesablanmış və ödənilməmiş faiz borcu 1014,68 manat təşkil etmişdir. Buna görə də Cavabdehnın "xxxx" ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 18.913 manat 08 qəpik, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1014,68 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17 sentyabr 2024-cü il tarixli, 800804- 264485/2 nömrəli kredit müqaviləsi üzrə əsas ödənilməmiş əsas borcun əvəzi qismində 18913,08 (on səkkiz min doqquz yüz on üç manat 08 qəpik) manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1014,68 (min on dörd manat 68 qəpik) manat, olmaqla cəmi 19927,76 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 149,80 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməmiş əsas borcun əvəzi qismində 18913,08 (on səkkiz min doqquz yüz on üç manat 08 qəpik) manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1014,68 (min on dörd manat 68 qəpik) manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 149,80 (bir yüz qırx doqquz manat 80 qəpik) manat, cəmi 20077,56 (iyirmi min yetmiş yeddi manat 56 qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar