Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-236/2025 29.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə mülki işə 29 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 275/2016 saylı kredit müqaviləsi üzrə 1513.20 manat, 490.48 manat faiz borcu olmaqla, cəmi 2003.68 manat kredit borcunun, müvəqqəti təminat tədbirinin verilməsi üçün 10 manat və 40.04 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 275/2016 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz hesablanmaq şərti ilə 12 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtləri pozularaq öhdəliklər icra edilməmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixli 275/2016 saylı Kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmişdir. "xxxx" MMC-nin 22.11,2024-cü il tarixli arayışına əsasən xx.xx.2016-cü il tarixli 275/2016 saylı Kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə olan əsas borcu 1513.20 manat, faiz borcu 490.48 manat olmaqla, cəmi 2003.68 (iki min üç manat altmış səkkiz qəpik) manat təşkil edir. İddiaçı "xxxx" MMC məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, Cavabdeh ilə "xxxx" BOKT MmC arasında 15 dekabr 2016-cı il tarixində 275/2016 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdehin etdiyi ödənişlərə dair 01 aprel 2025-ci il tarixli hesabdan çıxarış elektron məhkəmə portalı vasitəsilə 02 aprel 2025ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Sözügedən hesabdan çıxarışda Cavabdeh xx.xx.2022-ci tarixdə "xxxx" BOKT MMC-nin hesabına 20 manat ödəniş etdiyi öz əksini tapmışdır. Müştərilər tərəfindən edilən kredit ödənişləri müvafiq olaraq onlara təhkim olunmuş bank hesabları vasitəsi ilə həyata keçirildiyindən, ödəniş qəbzlərinin saxlanılması birbaşa müştərinin (cavabdehin) səlahiyyətindədir. AR Mülki Prosesual Məcəlləsinin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci tarixdə "xxxx" BOKT MMC-nin hesabına etdiyi 20 manat ödənişlə bağlı sübut məhkəməyə təqdim edilmişdir. Cavabdeh ödəniş etmədiyini iddia edirsə və sübutları cəfəngiyyat adlandırırsa, Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə "xxxx" BOKT MMC-nin sübutlarını təkzib edən sübut təqdim etməlidir. Təqdim olunmuş hesabdan çıxarışa əsasən məlum olur ki, Cavabdeh tərəfindən 275/2016 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 01 noyabr 2022-ci il tarixdə 20 (iyirmi) manat məbləğində həyata keçirilmişdir. Yuxarıda göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, iddiaçı əsassız olaraq iddia müddətini keçirdiyi təqdirdə guyaki onun ödəniş etməyini qeyd edərək, pul tələbi ilə məhkəməyə müraciət etmişdir. O heç bir ödəniş etməmişdir və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində müəyyən edilmiş iddia müddətini keçirməklə təqdim edilmişdir. Lakin iddiaçı iddia ərizəsində yalan qeydlər edərək, sözügedən məbləğdə ödəniş etdiyini qeyd etmişdir. “X1 Kredit Təşkilatı” MMC-nin verdiyi iddia ərizəsində cəfəngiyyat yazılmışdır. "xxxx" BOKT MMC-nin onun adından yalandan ödəniş etmə ehtimalları vardır. Amma qəbzə baxış keçirilən zaman görünəcək ki, sözügedən ödəniş onun tərəfindən ödənilməmiş, sözügedən qəbzdə ona məxsus imza yoxdur və o təkrarən bildirir ki, heç bir ödəniş etməmişdir. İddiaçı “X1 Kredit Təşkilatı” dəfələrdir məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda sübutları təqdim etməmişdir. Sübutlar məhkəmənin hazırlıq iclasında təqdim edilməlidir. Lakin iddiaçı həmin sübutları təqdim etməkdən yayınmışdır. İddiaçı əsassız olaraq məhkəməyə müraciət etmiş, bununla yanaşı müvəqqəti təminat tədbiri verərək, onun əmlakı üzərinə həbs qoydurmuşdur. Onun avtomobilinin üzərinə qanunsuz olaraq həbs qoyulduğundan iddiaçı işin uzadılmasında maraqlıdır. Hesab edir ki, işə mahiyyəti üzrə baxılmalı və yekun məhkəmə aktı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia isə altı ildir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Odur ki, bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək (iddia müddətini tətbiq edərək), iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Bank 12 ay ərzində ödəmək şərti ilə cavabdehə illik 27 faizlə 1600 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 1513.20 manat əsas, 490.48 manat faiz borcu olmaqla, cəmi 2003.68 manat məbləğində kredit borcu mövcuddur. İş materialllarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(023)-51/2024 saylı qərardaddan görünür ki, Cavabdeh mülkiyyətində olan **-KE-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı (buraxılış ili: 2007-ci il, rəngi: Qara metallik, ban: W0L0AHL**********) avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(023)-51/2024 saylı qərardadı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair Qazax Rayon Məhkəməsinin e-2(023)-1907/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(023)-51/2024 saylı qərardadının qüvvədə olma müddəti uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamışdır. İşin materiallarından görünür ki, iddia ərizəsini xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsilə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərci olan 40.04 (qırx manat dörd qəpik) manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin verilməsi üçün 10 (on) manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiası rədd edilsin. İş üzrə 40.04 (qırx manat dörd qəpik) manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin verilməsi üçün 10 (on) manat iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-236/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-236/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver