Məhkəmə qərarları › İş №e-2(023)-26/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-26/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-26/2025 10.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbi barədə mülki işə 10 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 6242,5 manat əsas borc, 1471,73 manat faiz, 92,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7806,75 manat borcun, 0,40 manat xidmət haqqının və ödənilmiş 98,13 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2026 müddətinə illik 27,5% ödəmək şərtilə 6400 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X2 5.9.1.8-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 6 iyun 2024 tarixinə "xxxx" KB ASC-yə 6242,5 manat əsas borc, 1471,73 manat faiz, 92,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7806,75 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Bankla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2026 müddətinə illik 27,5% ödəmək şərtilə 6400 manat məbləğində kredit xətti açılması barədə 9141nkXRDb/22 nömrəli kredit müqaviləsi bağlanmış və kredit kartına kredit xətti təyin edilməklə istifadəyə verilmişdir. Cavabdeh isə ümumi ofertası ilə tanış olmuş və həmin krediti müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. 06 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 9141nkXRDb/22 nömrəli kredit müqaviləsi üzrə borcu - 6242,5 manat əsas borc, 1471,73 manat faiz, 92,52 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7806,75 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş borcun ödənilməmiş hissəsini və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 26 dekabr 2024-cü il tarixli, 9/8389 nömrəli rəyindən görunür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli 9141nkXRDb/22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq alınmaqla Cavabdeh 05 iyun 2024-cü il tarixə "xxxx" KB ASC olan borcu əsas borc üzrə 6262.34 manat, faiz borcu üzrə 1467.93 manat olomaqla, 7.730.27 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Cavabdeh xx.xx.2023-cü il tarixli 9141nkXRDb/22 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə iddia tələbi həcmindən artıq məbləğdə 6262.34 manat, faiz borcu üzrə 1467.93 manat borcu isə iddia tələbi həcmindən az məbləğdə hesablandığı müəyyən edilmişdir. Məhkəmə, ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsas borca münasibətdə iddia tələbində göstərilən 6242,5 manat əsas borc, faiz borcuna münasibətdə isə ekspertiza rəyində göstərilən 1467.93 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 92,52 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6242,5 manat əsas borc, 1467.93 manat faiz borcu, 50 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7760,43 manat borcun, 0,40 manat xidmət haqqının məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 98.13 manat dövlət rüsumunun 97,60 (doxsan yeddi manat 60 qəpik) manatı iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, Cavabdeh iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul isə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6242,5 manat əsas borc, 1467.93 manat faiz borcu, 50 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7760,43 (yeddi min yeddi yüz altmış manat 43 qəpik) manat borc, 0,40 manat xidmət haqqı və 97,60 (doxsan yeddi manat 60 qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar